İnterpress.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı nazirinin müavini Aleksey Alekseyenko məlumat verib. “3-4 həftə ərzində Türkiyədən bitkiçilik məhsullarının gətirilməsilə bağlı qəti qərar verilə bilər”, – deyə Alekseyenko bildirib.
O əlavə edib ki, söhbət göyərti, quru və sitrus meyvələr də daxil olmaqla bütün növ bitkiçilik məhsullarından gedir. Nazir müavininin sözlərinə görə, Türkiyə tərəfi Rusiya nazirliyinin sorğularına reaksiya vermir: “Bütün növ bitki məhsullarının idxalının dayandırılacağı ehtimalı yüksəkdir”.
Rusiya KİV-ləri qeyd edir ki, Türkiyə son zamanlar dəfələrlə Rusiya Federasiyasına fitosanitar baxımdan pis vəziyyətdə olan məhsullar ixrac edib. Bununla əlaqədar Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən idxal edilən məhsulların təhlükəsizlik normalarına cavab verməyəcəyi təqdirdə qadağan olunmuş məhsullar siyahısına düşəcəyini elan edib. Nəticədə martın 17-də bibər və narın idxalına qadağa qoyulub. Bundan sonra nazirlik qadağan olunmuş məhsullar siyahısının genişlənə biləcəyini elan edib.
İnterpress.az