Müəllim-yazar Elnur Nəhmətin “Mən, atam və müharibə” kitabının təqdimat mərasimi olub.
İnterpress.az xəbər verir ki, təqdimat “Qanun” nəşriyyatının iclas zalında keçirilib.
Təqdimat mərasimində mədəniyyət nümayəndələri, müəllifin həmkarları, yazıçı və şair dostları, oxucuları və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən tanınmış yazıçı Faiq Balabəyli təqdimat mərasimini açıq elan edib. O, qonaqları salamlayaraq hər kəsə öz təşəkkürünü bildirib. Natiq eyni zamanda müəllifin yeni işıq üzü görən kitabı barədə oxucuları məlumatlandırıb. Qeyd edib ki, kitabda sevgi hekayələri, maraqlı xatirələr və cəbhə gündəliklərindən bəhs olunur.
Təqdimat mərasimində şairlər Mirbağır Bünyatlı, Cahandar Aybər, Bəhruz Xəlil, Aida Adıgözəl, Turac Hilal, aktyor Vidadi Həsənov çıxış ediblər.
Mərasimdə qeyd edilib ki, E.Nəhmət uzun illərdir həm pedoqoji, həm də ədəbi fəaliyyətlə məşğuldur. Bildirilib ki, müəllifin ədəbi yaradıcılığa olan həvəsi hələ gənc yaşlarında ikən onu məhz filologiya və ədəbiyyat sahəsi üzrə təhsil almasına, bu incə sənətin sirrlərinə yiyələnməsinə və sırf bu sahə üzrə ixtisaslaşmasına gətirib çıxarıb. Hazırda pedoqoji fəaliyyətlə məşğul olan E.Nəhmətin bədii yaradıcılığını da davam etdirdiyi qeyd edilib.
Onun eyni zamanda digər tanınmış şair və yazıçıların bir çox bədii əsərlərinin, hekayələrinin və şeirlər toplusunun redaktoru olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çıxışlarla davam etdirilib.
Qeyd edək ki, Nəhmətov Elnur Yadulla oğlu1981-ci il Cəlilabad rayonu Sabirabad kəndində anadan olub. O,15 ildir H.Tağıyev adına Sabirabad kənd 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. “Mən, atam və müharibə” müəllifin sayca ikinci kitabıdır. O, daha əvvəl yazıçı Faiq Balabəyli ilə birgə “Onlar qəhrəmandır” adlı ilk müştərək kitabı ərsəyə gətirib.