Cənubi Koreya, ABŞ və Yaponiya Koreya yarımadasının cənubunda birgə hərbi dəniz təlimi keçirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, ABŞ və Yaponiya ilə Ceju adasının yaxınlığında keçirilən ortaq dəniz təliminə USS Carl Vinson təyyarədaşıyan gəmisi də daxil olmaqla üç ölkəyə aid 9 döyüş gəmisinin cəlb edildiyi paylaşılıb.
İştirakçı ölkələrin “Şimali Koreyanın nüvə, raket və dəniz təhdidlərinə qarşı çəkindirmə və cavab qabiliyyətini gücləndirməyi” hədəflədiklərini bildirən bəyanata görə, təlim yanvarın 15-də başlayıb və bu gün başa çatıb.
Şimali Koreya yanvarın 15-də hipersəs döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketin uçuş sınağını keçirdiyini açıqlayıb.
Digər tərəfdən, Şimali Koreya lideri Kim Jong-un, Cənubi Koreyanı “daimi əzəli düşmən” olaraq təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını tələb edib.
Kim Cənubi Koreya və ABŞ-ı hərbi təlimlər təşkil etməklə və strateji aktivləri yerləşdirməklə Koreya yarımadasını mümkün müharibə zonasına çevirməkdə ittiham edib və Cənubi Koreya ilə birləşməyə çalışmağın “mümkün olmadığını” vurğulayıb.