Fransanın bir çox bölgəsində, xüsusilə paytaxt Paris və ətraflarında fermerlərin traktorları ilə həyata keçirdiyi etirazlar davam edir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. “Le Monde”un xəbərinə görə, Parisə daxil olan və çıxan marşrutlarda traktorları ilə yolları bağlayan fermerlər hökumətdən tələbləri istiqamətində təsirli addımlar atılana qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Ölkədə dünən səhər saatlarında başlayan etiraz aksiyaları gecə boyu davam edib və bir çox fermer havanın soyumasına baxmayaraq gecəni traktorlarında keçirib.
Traktorlarının yanında gözləyən və yol kənarında ocaq yandıraraq isinməyə çalışan fermerlərin görüntüləri sosial mediada əksini tapıb.
Paytaxtın əsas nəqliyyat nöqtələri olan A1, A5a, A6 avtomobil yolları Paris istiqamətində, A4, A10, A13 avtomobil yolları isə hər iki istiqamətdə nəqliyyata bağlanarkən, bəzi yerlərdə nəqliyyatın hərəkəti dayandırılıb.
Polis mənbələri ölkə daxilində etiraz aksiyasına 5 mindən çox kənd təsərrüfatı maşını və 10 minə yaxın fermerin qatıldığını bildirib.