Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi martın 1-dən dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrini müddətsiz verəcək.
Bildirilir ki, şəhadətnamələr dənizçilərə müvafiq üzmə haqqında arayış və ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər) təqdim edilməklə veriləcək.
Agentlik “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, habelə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla aşağıda adları qeyd olunan 9 növ xüsusi hazırlıq kursu üzrə şəhadətnamələri müddətsiz verəcək:
– “Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya” (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
– “Gəmidə ilk tibbi yardım”;
– “Gəmidə tibbi nəzarət”;
– “İzdihamın idarə olunması üzrə hazırlıq”;
– “Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq”;
– “Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq”;
– “Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”;
– “Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı”;
– “Gəmi mühafizəsi üzrə məsul şəxs”.
“Martın 1-dən əvvəl alınmış xüsusi hazırlıq şəhadətnamələrinin etibarlılıq müddətinin bitməsinə 6 aydan az müddət qaldıqda dənizçi Agentliyə müraciət edərək imtahanda iştirak etmədən həmin şəhadətnamələri müddətsiz yeniləmək imkanı əldə edəcək”, – məlumatda deyilir.
Hazırda adıçəkilən xüsusi hazırlıq şəhadətnamələri dənizçilərə 5 illik müddətə verilir. Dənizçilər sözügedən sənədləri Agentlik tərəfindən Azərbaycanda fəaliyyətinə icazə verilmiş təlim-tədris müəssisələrində təşkil edilən xüsusi hazırlıq kurslarını bitirdikdən sonra əldə edə bilirlər.