Azərbaycan öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edərkən deyib.
Dövlət başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğulayıb.
Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.