“Meqa Sığorta” 2023-cü ili 2,51 milyon manat xalis mənfəətlə bitirib.
İqtisadiyyat.az-ın hesablamasına görə, bu, əvvəlki ilə nisbətən 33.4% və ya 1,26 milyon manat azdır. Halbuki, sığorta şirkəti 2022-ci ili 3,78 milyon manat xalis mənfəətlə bağlamışdı.
Hesabat dövründə, “Meqa Sığorta”nın əsas əməliyyat gəlirləri 61.2% artaraq 34 milyon 558.1 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 21,44 milyon manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 8.3 milyon manat artırıb ki, əvvəlki ildə bu ehtiyatları 318 min manat azaltmışdı.
Sığorta şirkətinin investisiya gəlirləri 1,94 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 37% və ya 523.2 min manat çoxdur. Bu dövrdə, “Meqa Sığorta”nın subroqasiya gəlirləri 33.6% artaraq 254.5 min manata, sair gəlirləri isə 4.4 dəfə artaraq 607 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 29 milyon 47.6 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 23.6% çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 40% artaraq 16,26 milyon manata, sığorta ödənişləri 32.8% artaraq 8,97 milyon manata, işlərin aparılması xərcləri isə 34.8% artaraq 9,65 milyon manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 38% artaraq 25,91 milyon manat təşkil edib.
2023-cü ildə “Meqa Sığorta”nın maliyyə mənfəəti 33.4% azalaraq 3,14 milyon manata enib.
2024-cü ilin yanvarın 1-nə “Meqa Sığorta”nın cəmi aktivləri 18.8% artaraq 51,71 milyon manata, cəmi öhdəlikləri 70.4% artaraq 22,35 milyon manata yüksəlib. Sığorta şirkətinin cəmi kapitalı isə 3.4% və ya 1,03 milyon manat azalaraq 29,36 milyon manata enib.