Bakıda bələdiyyə yarmarkası ümidləri doğrultmadıbackend

Bakıda bələdiyyə yarmarkası ümidləri doğrultmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən yarmarkanın fəaliyyət göstərdiyi əraziyə yollanıb, buradakı alıcı və satıcılarla həmsöhbət olduq. Qeyd edək ki, bir müddət öncə mətbuatda bu yarmarka ilə bağlı vətəndaşların şikayətləri yer almışdı. Vətəndaşlar 5 mərtəbəli binaların həyətində təşkil edilən bu yarmarkaların ərazidə natəmizliyə səbəb olduğunu bildirmişdilər.

Görünür, vətəndaşların şikayətlərinin ictimailəşməsi həm satıcıları, həm də ərazidə təmizliyə cavabdeh olanları diqqətli davranmağa məcbur edib – ərazi, demək olar ki, tərtəmiz idi. Satıcılar bizimlə söhbət zamanı bələdiyyə yarmarkasının müştərilərin marağına səbəb olduğunu bildirdilər. Onların sözlərinə görə, Azərbaycanda indiyədək belə bir ənənə mövcud olmadığı üçün bir çox insanlar bu yarmarkanı təəccüblə qarşılayırlar: “Bəziləri isə bu yarmarkanın ənənəvi yarmarkalardan fərqlənməyəcəyini düşünürlər. Lakin burada qiymətlər ticarət mərkəzləri, bazarlarla müqaisədə xeyli ucuzdur. Çünki rayonlardan məhsul birbaşa bura gətirilir və onlara heç bir süni maneə yaradılmır”.

Öyrəndik ki, bu yarmarkaya Azərbaycanın müxtəlif bölgələrindən məhsullar birbaşa vətəndaşların özləri və ya tanışları vasitəsilə gətirilir. Belə ki, yarmarkada öz məhsulunu satanlar olduğu kimi, rayonda yaşayan tanışının məhsulunu satdığını bildirənlər də oldu. Məsələn, ağartı məhsullarının satışı ilə məşğul olan yaşlı qadın pendiri İsmayıllıda yaşayan qohumlarının göndərdiklərini vurğuladı: “Mən burada satıcıyam. Qiymətlər münasibdir. Xalis İsmayıllı pendiridir, dadına söz ola bilməz. 1 kiloqramını 4 manata satıram. İnanmıram ki, bu cür yağlı, dadlı, təmiz pendiri başqa haradasa bu qiymətə tapa bilərsiniz”.
Yarmarkada satılan məhsullardan bəzilərinin qiymətini təqdim edirik:

– 1 kq kartof – 0,70 AZN
– 1 kq turp – 1 AZN
– 1 kq pendir – 4 AZN
– 1 kq pomidor – 2,3 AZN
– 1 kq alma 1,2 AZN
– 1 əd. göyərti – 0,10 AZN

Yarmarkaya alış-verişə gələn sakinlər ətrafdakı meyvə-tərəvəz mağazaları ilə müqayisədə burada qiymətlərin xeyli ucuz olduğunu bildirdilər. Lakin sakinlər arasında bələdiyyə yarmarkasının ümidləri doğrultmadığını deyənlər də oldu: “Yarmarkanın açılışı günü burada idik. Bayramqabağı olduğu üçün qiymətlər də süni şişirdilməmişdi deyə qane edirdi. Ancaq indi deyərdim ki, buradakı qiymətlərin digər yarmarkalarla, lap elə bazarlarla müqayisədə çox da ciddi fərqi yoxdur. Bələdiyyə yarmarkası deyəndə, çoxlarında elə bir təəssürat yaranır ki, burada hər şey su qiymətinədir. Ancaq fərqi, məncə, çox da ciddi deyil. Məsələn, pomidoru 2,5-2,8 AZN-ə çox yerdən almaq olur. Kartof da başqa yerlərdə 80-90 qəpiyə satılır. Arada 5-10 qəpik fərq var. Lakin heç olmamasındansa olması yaxşıdır. Bəlkə gələcəkdə daha da yaxşı olacaq?”

Bakıda bələdiyyə yarmarkası ümidləri doğrultmadı

Qeyd edək ki, sözügedən yarmarkanın açılışında Binəqədi Bələdiyyəsinin sədri bildirmişdi ki, bu yarmarkanın açılışında məqsəd həm də inhisarçılığın qarşısını almaqdır: “Layihənin icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri – idxaldan asılılığı qismən azaldacaq”.

Oxşar təcrübə qonşu Türkiyədə uzun zamandır tətbiq edilir. Hələ bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada bildirilmişdi ki, bir sıra ölkələrdə mövcud olan bələdiyyə yarmarkası, ilk növbədə, fermerlərin məhsulu asanlıqla satışa çıxarmalarına şərait yaradacaq: “Əhalinin sıx məskunlaşdığı ərazilərdə istifadəyə veriləcək yarmarkalarda bələdiyyələrin əməkdaşlıq etdiyi rayonların məhsullarının satışı təşkil ediləcək. Bələdiyyə yarmarkalarında digər yarmarkalardan fərqli olaraq, qiymətlər daha ucuz olacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında o da qeyd olunurdu ki, bələdiyyə yarmarkalarını fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də burada satışa çıxarılacaq bütün məhsulların yerli istehsal olması olacaq. Lakin biz yarmarkada olarkən burada satışa çıxarılan kartofun yerli olmadığını təxmin etdik. Belə ki, burada 1 kiloqramı 0,70 AZN-ə satılan kartof başqa bazarlarda Belarus və Rusiya kartofu adı ilə satılır. (zaman.az)

İnterpress.az