Müharibə şəraitində olan ölkədə toy-konsert qadağan olunmalıdırmı?backend

Müharibə şəraitində olan ölkədə toy-konsert qadağan olunmalıdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur italiyalı müğənni Eros Ramazzottinin ötən həftə Bakıda verdiyi konsert qızğın müzakirələrə yol açıb. Buna da səbəb konserti izləməyə gələnlər arasında dövlət rəsmilərinin olmasıdır. “Crystal Hall”da baş tutan konserti izləməyə gələnlər arasında xarici işlər naziri Elmar Məmmədyarov və AZAL-ın prezidenti Cahangir Əsgərov da olub.

Son günlər Qarabağda vəziyyətin gərginləşdiyi bir vaxtda dövlət rəsmisi sayılan nazirin (AZAL prezidenti hökumətin tərkibində deyil-red) əyləncəyə vaxt ayırması sosial şəbəkələrdə ciddi tənqid olunub. Həmçinin bu hərəkəti müxtəlif kollaj və karikaturalarla əksini tapıb. Sosial şəbəkə istifadəçiləri hazırda əyləncə və istirahətdənsə, döyüşə köklənməyin vacib olduğunu qeyd ediblər.

Ümumiyyətlə, cəbhə xəttində yaşanan gərgin vəziyyətlə əlaqədar bir çox insanlar özlərini müxtəlif konsert və toylardan məhrum ediblər. Çünki bir qisim insan bunun yanlış olduğunu düşünür. Bəs əslində necə olmalıdır? Atəş və top səslərinin kəsilmədiyi bir vaxtda insanların, xüsusən də dövlət rəsmilərinin əyləncələrindən qalmaması nə dərəcədə doğrudur?

Sosioloq Əhməd Qəşəmoğlu bu məsələlərə sayğı duymağın vacib olduğunu bildirdi: “Bu məsələlərə sayğı duymaq lazımdır. Amma ölkəni başdan-başa matəm ölkəsinə çevirmək də düzgün deyil. Bu baxımdan mən bəzi rayonlarımızın düşmən tərəfindən alındığı gündə toylara dəvət alanda özümü çox pis hiss edirəm. Fərz edək ki, Laçının, Şuşanın və digər rayonlarımızın alındığı gün toyların keçirilməsi məni üzür. Yaxud da aprelin əvvəlində müharibə barəsində ictimaiyyətdə daha geniş məlumat var idi. Onda da mən bir toya getmişdim. Gördüm ki, özümü çox narahat hiss edirəm. Ona görə də toyda 1 saat oturub çıxdım. İnsanlara bu cür qadağalar qoymaq düzgün deyil. Sadəcə olaraq, çalışmaq lazımdır ki, onlarda bu məsələlərə qarşı bir sayğı mədəniyyəti formalaşsın. Biz bu istiqamətdə iş aparmalıyıq. Yoxsa ki, ”filan yerə getmək olar, ya olmaz\” doğru deyil. Sadəcə olaraq, bu, mədəniyyətin və mənəviyyatın bir komponentidir. Bir tərəfdə ağır, ölkə üçün xoşagəlməz günlərdirsə, aşırı kef eləmək mədəniyyət və mənəviyyat çərçivələrinə sığmır\”.

Psixoloq Dəyanət Rzayev müharibə rəsmi elan ediləndə cəmiyyətin də ona uyğun hərəkət edəcəyini dedi: “Ölkədən, ənənələrdən və mentalitetdən də çox şey asılıdır. Müharibə rəsmi elan olunmayıb. Müharibə rəsmi elan edildikdən sonra cəmiyyət ona uyğun hərəkət edəcək. Məsələn, birinci Qarabağ müharibəsi necə idi? Rəsmi müharibə gedirdi və hər kəs də buna hazır idi. Elan olunmasa da gedirdi. İndi isə qeyri-müəyyən bir vəziyyətdir. İndi müharibədir, ya deyil bəlli deyil. Sadəcə olaraq atəşkəs pozulur, vəssalam. Düzdür, döyüşlərdə kimsə dünyasını dəyişəndə, şəhid verəndə təbii ki, adət ənənəyə uyğun olaraq matəm etmək olar. Hazırda rəsmi müharibə elan olunmadığı üçün hansısa tədbirlərə, toylara qadağa nə dərəcədə düzgün olardı? Hazırda sadəcə atəşkəsin pozulması gedir, müharibə deyil. Müharibədirsə, əgər dövlət bunu rəsmi elan etməlidir. Rəsmilərin hansısa konsertdə olası şəxsi işidir və bunu qınaq obyektinə çevirmək, qınamaq düzgün olmazdı”.

Psixoloq matəmin insanlarda ruh düşkünlüyü yarada biləcəyini dedi: “Rəsmi müharibə gedəndə belə konsert kollektivləri cəbhə bölgəsinə gedirdi. Məsələn, birinci Qarabağ müharibəsində müğənnilər sərhəd bölgəsinə gedib konsert verirdilər. Matəm elan etmək insanları pessimizmə aparır. Əksinə mənə elə gəlir ki, ruh yüksəkliyi olan tədbirlər keçirilməli, mahnılar oxunmalıdır ki, insanlarda ruh yüksəkliyi yaransın. Qarabağda qısaca da olsa atəşkəs pozulur. Biz qalıb gəlirik, ermənilərin itkisi daha çox olur. Əksinə biz sevinməliyik ki, azda olsa torpaqlarımızdan ala bilmişik. Ona görə də matəmdə olmaq yaxşı deyil. İnsanlar bu gün istəyir ki, biz Qarabağı bütövlükdə alaq. Məsələn Lavrov tələb edir ki, Azərbaycan atəşkəs rejiminə keçməli, sülh danışıqları aparmalıdır. Axı sülh danışıqları bir fayda vermir. Bəlkə də atəşkəsin pozulması bizim xeyrimizədir ki, hər dəfə ermənilər atəşkəsi pozanda öz torpaqlarımızdan az da olsa qaytarırıq”.

İnterpress.az