Bayraq idealı ilə başlayan Turan yolu – Tənzilə Rüstəmxanlı yazırbackend

Bayraq idealı ilə başlayan Turan yolu – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk birliyi ideyası yeni ideya deyil. XX əsrin əvvəllərində Türkiyədə, Azərbaycanda və türklərin yaşadıqları digər ərazilərdə bu ideyaya könül verən insanlar olub və bu ideya bir məfkurə halına gətirilib.

Türk dünyasının birliyi, Turan dövləti qurmaq istəyinin əsas memarlarından biri İsmayıl bəy Qaspıralı idi. Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Hüseyn Cavid kimi böyük fikir adamlarımız zaman-zaman bu məfkurənin ideoloji-siyasi əsaslarını hazırlayıblar.Türklərin yaşadığı Azərbaycan və Mərkəzi Asiyada dövlətlərin müstəqillikləri süquta yetiriləndən sonra, türkçülük düşüncəsinin daşıyıcısı olan insanlar repressiyalara məruz qalsa da, xalqların qəlbində hər zaman Türk dünyasının birliyi ideyası hökm sürüb.

Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan müstəqil olduqdan sonra bu ölkələrin ziyalıları Türk birliyi məsələsini zamanla gündəmə gətirdilər. Nəhayət 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin başçıları bir araya gəldilər və onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar. Bu gün bu təşkilat dünya siyasi-iqtisadi xəritəsində xüsusi yer tutur.

Türk Dövlətləri Təşkilatı müstəqil qurum kimi heç bir başqa dövlətin daxili işlərinə qarışmadan eyni dilə və köklərə malik olan ölkələrin mədəniyyətlərin birliyi kimi formalaşıb.

Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü Türk Dünyası üçün müstəsna bir tarixi əhəmiyyət kəsb edir. Bu tədbirdə Türk Dövlətləri Təşkilatının vahid bayrağının qəbul edilməsi müqəddəs Turan idealının ilk rəsmi simvolu oldu.

Bu sammitdə Azərbaycan Prezidentinin gələcəyə yönəlik mesajları da xüsusi diqqət çəkir. Dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan Azərbaycan lideri faktik olaraq yaxın gələcək üçün Türk Birliyinin hədəflərini ortaya qoymuş oldu.

Azərbaycan bu təşkilatda çox böyük rol oynayır. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir.

Dövlətimizin başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını vurğuladı.

Bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq. Kifayət qədər imkanlara malk olan TDT müasir dövrün çağırışlarını dəqiq qiymətləndirməklə Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi baxımdan da güc mərkəzinə çevrilməkdə israrlıdır. O üzdən bu gün regional birlik kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının sabah beynəlxalq səviyyədə əhəmiyyətli təşkilata çevriləcəyi şübhəsizdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Tənzilə Rüstəmxanlı