Azərbaycana gətirilən ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. AQTA əməkdaşları “Aferol Qida” MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna baxış keçirən zaman aşkar korlanma (çürümə) halı aşkarlanıb.
“Yedcon 2024” MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.
Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu kimi halların qarşısının alınması istiqamətlərində hansı addımların atılmalı olduğundan danışıb.
“Biznes qurumları zərərə düşməsin deyə xarici partnyorları ilə müqavilə bağlayan zaman, heç də pis olmaz ki, müəyyən nümunələr gətirsinlər və ya Azərbaycandakı uyğun mütəxəssislər gedib orada monitorinq aparsın, baxış keçirsin, sənəd imzalansın və təhlükəsizliyi təmin olunandan sonra ölkəyə gətirilsin.
Birbaşa götürüb gətirəndə, əlbəttə, belə şeylər olacaq, illər boyu da olub. Qida Təhlükəsizliyi Agentliyinin bu işi çox əhəmiyyətlidir, lakin elə bir iş görülməlidir ki, biznesmenlər ziyana düşməsin.
Çünki düşdükləri zərəri də sonradan başqa malların üzərinə qoyub istehlakçılardan alacaqlar. Heç kəs boş yerə pul xərcləmir, axır-əvvəl bu zərər biz istehlakçılardan çıxacaq. Buna görə bu məsələyə diqqət yetirmək lazımdır.
Çox təəssüf ki, illər boyu Azərbaycan biznesmenləri xarici ölkələrin ən ucuz, ən yararsız mallarını Azərbaycana daşıyıblar.
Yaxşı haldır ki, AQTA bunlara artıq nəzarət edir və elə bir iş aparılamlıdır ki, bu cür məhsullar gömrük zonasından ölkəyə keçməsin.
Təəssüf ki, bütün gömrük məntəqələrində AQTA-nın nümayəndələri yoxdur. Bu, tam təmin olunmalıdır ki, hər bir gömrük keçid məntəqəsində Qida Agentliyi tam nəzarət edə bilsin”, – ekspert bildirib.
Xuraman Etibarlı
İnterpress.az