Pobeda zirvəsində ayağı sınıb qalan alpinistin oğlu Putinə müraciət edib.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Mixail Rusiya Baş prokuroruna, Xarici İşlər Nazirliyinin rəhbərinə və Rusiyanın Qırğızıstandakı səfirinə 7000 metrdən çox hündürlükdə ayağından xəsarət alan anasının xilasetmə əməliyyatının təşkili xahişi ilə müraciət edib.
Artıq bir həftədir Pobeda zirvəsində (7 000 m-dən yuxarı) ayağından xəsarət alaraq ilişib qalan alpinistin oğlu anasının sağ olduğuna inanır və Rusiya hakimiyyətindən təcili xilasetmə əməliyyatı təşkil etməyi xahiş edir.
Mixailin sözlərinə görə, anası təcrübəli alpinistdir, möhkəm sağlamlığa və güclü fiziki hazırlığa sahibdir. O, əldə etdiyi videoda anasının əl yellədiyini və güclü göründüyünü bildirib.
Alpinistin oğlu yaxın iki sutkanın əlverişli hava şəraiti yaratdığını, əks halda xilasetmənin mümkünsüzləşəcəyini qeyd edib. O, dron vasitəsilə müşahidə aparmağı, təsdiq olunduğu təqdirdə isə helikopterin cəlb edilməsini təklif edib.
Daha əvvəl özəl şirkət axtarış üçün dron və italyan pilotunun xidmətindən istifadə etməyi planlaşdırsa da, hava şəraiti kəskin pisləşdiyi üçün əməliyyat dayandırılıb.
Yerli xilasedicilər isə alpinistə yalnız yeni mövsümdə, gələn il qayıda biləcəklərini bildiriblər.
Qeyd edək ki, 7,5 min metr hündürlüyə malik Pobeda zirvəsi dünyanın ən təhlükəli dağlarından sayılır. Burada hər saat qalmaq ölüm riski yaradır və alpinistlərin həlak olma ehtimalı 25%-ə çatır.
Xuraman Etibarlı
İnterpress.az