Media subyektlərinin missiyası məlumat istehsalı və ötürülməsi ilə yekunlaşmır. O, maarifləndirmə prosesini də əhatə edir. Bu mənada media ailə institutunun qorunması, inkişafı və modernləşməsi istiqamətdə maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayır. Cəmiyyətdə sosial dəyərlərin formalaşmasına, gender bərabərliyinin təşviqinə, məişət zorakılığına qarşı mübarizə tədbirlərinə güclü təsir göstərir. Bir sıra beynəlxalq sənədlərdə, xüsusilə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya”sında (CEDAW) medianın bu sahədə roluna ciddi önəm verilir.
1981-ci ildə qüvvəyə minmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya” (CEDAW)medianın ailə dəyərlərinə, qadın haqlarına, gender bərabərliyi mövzusuna yanaşmasına dair tezisləri müəyyənləşdirir. Sənəddə qeyd olunur ki, qadın və kişilər arasında bütün platformalarda hüquq bərabərliyinin təmin edilməsinə yönəlmiş proqramlarda ictimai maarifləndirmə işi önə çəkilməli, medianın təsirindən istifadə edilməlidir.
Avropa İttifaqının “2010–2015-ci illər üzrə qadın və kişilər arasında bərabərliyə dair Strategiyası”nda da medianın gender bərabərliyi, qadın, uşaq, ailə məsələlərinə yanaşması üçün istiqamətlər təqdim olunur: “Pluralizm, qeyri-diskriminasiya, tolerantlıq və qadınlarla kişilər arasında bərabərlik prinsiplərinin əsas götürüldüyü cəmiyyətlərin formalaşmasında medianın əvəzsiz rolu vardır”-deyə, sənəddə vurğulanır ( https://eur-lex.europa.eu/EN/legal-content/summary/strategy-for-equality-between-women-and-men-2010-2015.html ).
İstanbul Konvensiyası ( Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında Konvensiya”sı ) isə medianı zorakılığın qarşısının alınmasında əsas resurslardan biri kimi təqdim edir. Sənəddə qeyd edilir ki, məişət zorakılığına qarşı düzgün, peşəkar mübarizə aparılması məsələsi media müstəvisinə çıxarılmaqla, cəmiyyətin əsas müzakirə mövzusuna çevirə bilər ( https://rm.coe.int/ic-explanatory-ic-aze-web/16808e9a39 ).
Medianın məsələyə peşəkar yanaşmasının şərtləri
Beynəlxalq təşkilatların hesabatlarında xəbərdarlıq olunur ki, media subyektləri ailə, uşaq, qadın problemlərindən yazarkən, məişət zorakılığı məsələlərinə yanaşarkən, sensasiya yaratmaq, auditoriya qazanmaq məqsədi dalınca qaçmamalı, etik çərçivələri aşmamalıdır. Əgər bu prinsipdən kənara çıxlarsa, zərərçəkmişlərə ikinci dəfə zərbə vurular, cəmiyyətin zorakılığa qarşı münasibəti loyallaşa bilər. Məsələn, bəzi hallarda media cəmiyyətdəki streotiplərdən çıxış edir, zorakılığa məruz qalmış qadını “istənilən halda günahkar” kimi təqdim edir. Hadisənin köklü səbəblərini təhlil etmədən, auditoriya cəlb etmək məqsədilə şəxsi və emosional detalları qabardır. Belə yanaşma zorakılığa haqq qazandırmaqla yanaşı, gələcəkdə baş verə biləcək zorakılıq hallarna qarşı ictimai biganəliyi artırır.
Avropa Şurası Nazirlər Komitəsinin “Kütləvi informasiya vasitələrinin yeni anlayışına dair” 7 saylı tövsiyəsi bu problemlərə daha həssas yanaşmanı önə çəkir: “Media materiallarını hazırlayan və yayan şəxslər ailə məslələrinə, qadın problemlərinə, gender bərabərliyi mövzusuna toxunarkən, bu sahədə stereotiplərlə mübarizəyə yönəlmiş təşəbbüsləri dəstəkləməlidirlər”.
Sənədlərdə qeyd olunur ki, media modern ailə dəyərlərini təbliğ edən sosial çarxlar və sənədli filmlər hazırlamalı, müsbət ailə nümunələrini işıqlandırılmalı,.zorakılıqla üzləşən şəxslər üçün mövcud yardım resurslarının tanıdılmasına çalışmalı, cəmiyyətdə empatiya mədəniyyətinin formalaşmasına təsir göstərməlidirlər. Bu cür tövsiyələrdə ifadə olunan əsas vurğu odur ki, ailə institutunun qorunması yalnız hüquqi tədbirlərlə deyil, həm də ictimai şüurun formalaşması ilə mümkündür. Bu isə medianın düzgün yönləndirilmiş və məsuliyyətli fəaliyyəti ilə bilavasitə bağlıdır.
Bizimlə söhbətində mövziya dair fikirlərini bölüşən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, ailə institutunun möhkəmləndirilməsi və modernləşməsi ictimai əhəmiyyət daşıyır: “Ailə institutu bizim milli kimliyimizin qorunmasında mühüm rol oynayır. Elə adət-ənənələrimiz vardır ki, ona dəyən zərbə təkcə fərdi ailələri deyil, bütövlükdə cəmiyyəti və dövlətin özünü də zəiflədə bilər. Bu baxımdan ailə institutunun gücləndirilməsi və qorunması çox vacibdir”.
Məmmədli əlavə edib ki, Həsən Bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımızın tarixi funksiyalarından biri də cəmiyyətin maarifləndirilməsi olub. Həmin missiya bu gün də davam edir: “Maarifləndirmə ailə institutu məsələsində mühüm rol oynayır. Bu baxımdan medianın həmin sahədə öhdəlikləri var, olmalıdır da. Qısa desək, ailə dəyərlərinin qorunması sahəsində medianın üzərinə xüsusi bir vəzifə düşür”.
Media təmsilçisinin sözlərinə görə, beynəlxalq konvensiyalar, milli qanunlar və etik kodekslər media nümayəndələrinə yol göstərərək, zorakılıq hadisələrinin sensasiyaya deyil, maarifləndirməyə yönəlik təqdim olunmasını tövsiyə edir: “Media qurumları bu istiqamətdə fəaliyyət göstərməklə, ailə institutunun möhkəmləndirilməsi və zorakılığın azaldılması məqsədinə mühüm töhfə verə bilərlər”.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində modern ailə dəyərlərinin təşviq edilməsi mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmirəyə bilər.