Ağcaqanadlar artıq qovucu vasitələri “yemək iyi” kimi qəbul edir.
İnterpress.az xəbər verir ki, bu barədə aparılan elmi tədqiqatda məlumat verilib.
Alimlər aşkar ediblər ki, bəzi ağcaqanad növləri artıq onları uzaqlaşdırmalı olan qovucu vasitələrə (repellentlərə) qarşı immunitet və ya xüsusi vərdişlər formalaşdırıblar. Söhbət xüsusilə uzun illər etibarlı müdafiə vasitəsi hesab edilən sprey komponenti – DEET-dən gedir.
Yeni araşdırma göstərib ki, bəzi ağcaqanadlarda özünəməxsus “Pavlov refleksi” yaranır. Belə ki, onlar qovucu vasitənin iyini qan qoxusu ilə assosiasiya edirlər.
Nəticədə, sprey vurulmuş dəri onları qovmaq əvəzinə, əksinə, daha çox cəlb edir və həşəratlar ora daha böyük həvəslə qonurlar.
Mütəxəssislər bildirirlər ki, bu, qan soran həşəratlarla mübarizə üsullarının yenidən nəzərdən keçirilməsini və yeni qoruyucu vasitələrin hazırlanmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az






