Cənab prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlərinin çox böyük əhəmiyyəti var. O cümlədən Kəlbəcərə. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri işğaldan azad edilən ərazilərimiz daim diqqət mərkəzində olduğunu sübut etdi.
Dövlət başçısının işğaldan azad olunmuş rayon və şəhərlərə səfəri zamanı bəzi müəssisələrin açılışında və obyektlərin təməlqoyma mərasimində iştirakı həmin bölgələrin sosial-iqtisadi həyatında çox böyük dirçəlişin olduğundan xəbər verir. İşğaldan azad edilən ərazilərin yenidən qurulması “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Cənab prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra ilk sözləri o olmuşdu ki, biz işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtmasına çalışmalıyıq. Biz bu gün verilən həmin sözlərin uğurlu nəticəsini görürük. Hazırda işağldan azad edilmiş şəhər və rayonlarda insanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün addımlar atılır. “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzün və birliyimizin sübutudur.
Bu prosesin uğurlu nəticəsi kimi uzun illər işğal altında qalan, strateji və mədəni əhəmiyyətinə görə xüsusi yer tutan Kəlbəcər bu gün sürətlə dirçəlir, yeni infrastruktur layihələri ilə inkişafın rəmzinə çevrilir. Artıq cənab Prezident İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin bünövrəsini qoymuşdur və bir müddət sonra Kəlbəcər 10 mindən çox sakinin yaşadığı dağlar qoynunda gözəl bir şəhərə çevriləcəkdir.
Eyni zamanda cənab Prezident Kəlbəcər sakinləri ilə görüşdə söylədi ki, Kəlbəcərin yol infrastrukturu daha da yaxşılaşacaq, tunellər Gəncə-Kəlbəcər arasındakı məsafəni həm qısaldacaq, həm də rahat edəcəkdir. Laçın-Kəlbəcər, Naftalan-Ağdərə-Kəlbəcər yolları da ən müasir səviyyədə qurulmaqdadır. Kəlbəcər indi yalnız bərpa edilmir, həm də yeni həyat, inkişaf və firavanlıq simvoluna çevrilir.
Prezident və birinci xanımın səfəri bu tarixi dirçəlişi əyani nümayiş etdirdi, sakinlərin üzündə sevinc yaratdı və bölgənin gələcəyi üçün ümidləri daha da gücləndirdi. Hər bir layihə, hər bir infrastruktur yeniliyi Kəlbəcərin həm iqtisadi, həm də mədəni həyatına can verir və Azərbaycanın tarixi torpaqlarının bərpası prosesinin uğurunu simvolizə edir.
Dövlət başçısının səfəri çərçivəsində bir sıra mühüm obyektlərin açılışı, o cümlədən regionun ən mühüm mühəndis layihələrindən biri olan 12 kilometrlik tunelin texniki təqdimatı, Azərbaycanın bu bölgəyə verdiyi dəyərin və gələcəyə yönəlik baxışının göstəricisidir.
Bu səfər həm də milli iradənin, siyasi qətiyyətin və strateji hədəflərin həyata keçirilməsinin təsdiqi kimi yadda qaldı. Belə ki, Prezident İlham Əliyev Kəlbəcərdə, kəlbəcərlilərlə görüş zamanı çox mühüm fikirlər səsləndirdi. Azərbaycanın sülhə sadiqliyini bir daha yenidən qurulan Kəlbəcərimizdə bəyan edən Ali Baş Komandan eyni zamanda məkrli düşmənlərə də xəbərdarlıqlarını etdi.
Prezident hərbi büdcəmizin artırıldığını, yeni silahların alındığını, komando tipli qüvvələrimizin sayının artırılmasını, üstəlik Xəzərdəki donanmamızın gücləndirildiyini təsadüfən demədi. Azərbaycan sülh tərəfdarıdır, amma özünü müdafiəyə də hər zaman hazırdır. Bunu başa düşməyənlər Prezidentin dediyi kimi, “peşman olacaqlar! Azərbaycan dövlətinin, dövlət başçısının mövqeyi həm də onu daim dəstəkləyən xalqın, ordunun, təhlükəsizliyimizə cavabdeh olan təşkilatların mövqeyidir!