Pomidora iynə vurulurmu? – Rəis danışdıbackend

Pomidora iynə vurulurmu? – Rəis danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kal pomidorun vaxtından daha tez qızarması üçün ona xüsusi dərman vurulduğu və bu dərmanın 10 günə qızarmalı olan pomidoru 1-2 günə qızartmasına səbəb olduğu iddia edilir.

Həmin dərman pomidorun içinin yığılmasına səbəb olduğundan, daha sonra iynə ilə silikon effekti verən və pomidorun daha ətli olmasını təmin edən başqa bir dərman vurulur.

Nazirlik isə bildirir ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti pomidorları yoxlayır.

“Dünya üzrə kənd təsərrüfatı bitkilərinin örtülü və açıq sahələrdə becərilməsi zamanı çoxsaylı boy tənzimləyicilərindən istifadə edilir. Rusiyada 100-dən artıq, Azərbaycanda 28 adda boy tənzimləyicisi rəsmi dövlət qeydiyyatına alınıb, – deyə xidmətin rəisi Camal Quliyev açıqlayıb. – Bitkilərin boy tənzimləyiciləri kök atma qabiliyyətini artırır, şitillərin davamlılığını, bitkinin böyüməsini və inkişafını yaxşılaşdırır.

Boy tənzimləyiciləri həm də toxumun cücərmə qabiliyyətini, bitkinin xəstəliyə davamlılığını və məhsuldarlığı yüksəldir, eyni ölçülü meyvələrin formalaşmasına səbəb olur, ətraf mühitin əlverişsiz şəraitindən bitkini qoruyur və meyvənin yetişməsini sürətləndirir. Pomidor bitkisi istər istixana, istərsə də tarla şəraitində özünə xas vegetasiya dövründə yetişir. Bitkinin becərilməsində aqrotexniki qaydalara uyğun olaraq gübrələrdən, boy tənzimləyici preparatlardan, zərərli orqanizmlərə qarşı istifadə olunan pestisidlərdən istifadə olunur”.

Qeyd edək ki, məhsulun tərkibində preparatların qalıq miqdarı tam olaraq Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə təyin edilir.

Xidmət rəisi əlavə edib ki, meyvə-tərəvəz əkinçiliyində bit dərmanı kimi tanınan DDT preparatından istifadə olunmur: “Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən DDT və onun metobolitlərinin qalıq miqdarının meyvə və tərvəzlərdə təyin edilməsi məqsədi ilə müayinələr aparılıb və adıçəkilən dərmana və metobolitlərinə rast gəlinməyib. Bu dərman bitki ilə təmasda olduğu zaman heç bir istilik ayrılma prosesi gedə bilməz. Dərmanın ərimə tempuraturu 108.5C–dir. Sözsüz ki, bu tempuraturda pomidor artıq qaynama nöqtəsində olacaq.

Zərərverici orqanizmlər əleyhinə tətbiq edilən preparatların və gübrələrin faiz və qalıq miqdarının təyini yalnız laboratoriya şəraitində Qaz Xromotoqrafı, Maye xromotoqrafı, Kütlə spektri və Element təyini spektrometr cihazları vasitəsilə kəmiyyət və keyfiyyət analizlərinin aparılması yolu ilə mümkündür. Portativ və məişətdə istifadəsi nəzərdə tutulan cihazlar vasitəsilə məhsulun tərkibində aqrokimyəvi maddələrin qalıq miqdarı ilə bağlı dəqiq nəticə əldə etmək mümkün deyil. Məhsulda pestisidlərin qalığının isə bu tip cihazlarla yoxlanılmasından söhbət belə gedə bilməz”.

Pomidoru kəsən zaman içinin yaşıl və dənəsinin göy olması faktına toxunan C.Quliyev vurğulayıb ki, bu fakt istehsalçılar tərəfindən pomidorun tez xarab olması nəzərə alınaraq, bioloji yetişkənliyə çatmadan yığılmasının nəticəsidir: “Belə pomidorların insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. Sadəcə, vətəndaşlara belə məhsulu aldıqdan sonra bir neçə gün ev şəraitində saxlamaları məsləhət görülür. İstehlakçılar bundan sonra pomidorların bioloji yetişkənliyə çatmasının şahidi olacaqlar.

Bildirək ki, Azərbaycanda 3000 hektardan artıq istixanada kənd təsərrüfatı bitkiləri, əsasən də pomidor və xiyar becərilir.(virtualaz.org)

İnterpress.az