Son günlər açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar yayılıb. Hətta bununla bağlı sosial şəbəkələrdə görüntü də yayılıb.
Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb. Aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı isə məlum olmasa da, həmin məhsul satışdan çıxarılmayıb və satışı davam edir.
Məsələ ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

Ekspert bildirib ki, açıq satışda olan turşuların hazırlanmasında sanitar-gigiyenik qaydalarla yanaşı, markalanması, tərkibi və istehsalına diqqət yetirilməlidir.
“Turşular qida təhlükəsizliyi baxımından risk qrupuna aid olan məhsullardır. Onların hazırlanmasında istifadə olunan tərəvəzlərin keyfiyyəti, sanitar-gigiyenik qaydalara əməl olunması, tərəvəzlərin tam və düzgün yuyulması, istifadə olunan qabların təmizliyi, saxlanma və fermentasiya şəraiti xüsusi əhəmiyyət daşıyır. Bu tələblərə əməl edilmədikdə turşular insan sağlamlığı üçün ciddi risk mənbəyinə çevrilə bilər.
Xüsusilə açıq şəkildə, nəzarətsiz və qeyri-sanitar şəraitdə satılan, üzərində heç bir markalanması, tərkib və istehsal haqqında məlumatı olmayan turşu məhsullarının alınması istehlakçıların sağlamlığını birbaşa risk altına atır. Belə məhsulların hansı xammaldan, hansı texnologiya ilə və hansı şəraitdə hazırlandığı məlum olmur.
Qırmızı rəngli kələm turşularında rəng məsələsi xüsusi diqqət tələb edir. Normal şəraitdə kələm turşusunun çəhrayı-qırmızı çalara düşməsi çuğundur kimi təbii əlavələrlə mümkündür.
Təbii çuğundurdan alınan rəng yumşaq çalara malik olur və özünəməxsus təbii qoxu verir. Lakin bəzi hallarda bu rəngi əldə etmək üçün müxtəlif E kateqoriyalı süni qida boyalarından istifadə olunur. Belə hallarda turşunun suyu əllə təmasda olduqda dəridə rəng buraxa bilir, rəng həddindən artıq tünd və qeyri-təbii görünür, çuğundurun təbii qoxusu əvəzinə plastik və ya kəskin kimyəvi iy hiss olunur. Bu isə məhsulun təhlükəli olmasına işarədir”, – mütəxəssis vurğulayıb.
Daha sonra İ.Şirinov bu cür məhsulların insan sağlamlığında hansı fəsadlara gətirib çıxara biləcəyini sadalayıb.
“Süni rəngləndiricilərin nəzarətsiz və normadan artıq istifadəsi mədə-bağırsaq pozuntuları, allergik reaksiyalar və digər sağlamlıq fəsadları yarada bilər. Bundan əlavə, turşularda ən ciddi təhlükələrdən biri botulizm riskidir. Botulizm ağır zəhərlənmə formasıdır və vaxtında tibbi müdaxilə olunmadıqda ölümə qədər gətirib çıxara bilər.
Qida Təhlükəsizliyi əməkdaşlarının apardığı reydlər də göstərir ki, üzərində markalanması, sertifikatı və istifadə yararlılıq müddəti olmayan turşu məhsullarının satışı və istifadəsi insan sağlamlığını ciddi şəkildə risk altına atır.
Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, bazar ətraflarında və qeyri-sanitar yerlərdə satılan, mənşəyi məlum olmayan açıq turşu məhsullarının alınmasından çəkinsinlər və yalnız nəzarət olunan, markalanmış məhsullara üstünlük versinlər”, – ekspert fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az






