Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb.
Qərarda deyilir ki, Z.Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının müdirləri olan (ayrı-ayrı vaxtlarda) Sultanov Anar Hüseyn oğlu və Ələkbərov Yusif Kamil oğlu, qeyd olunan filialın müdir müavini, daha sonra müdiri olmuş Abdullayev İlham İlqar oğlu, “Nəqliyyat” filialının müdiri Orucov Kənan Əzizağa oğlu, “Nərimanov” filialının müdiri Cahangirov Məmməd Niyaz oğlu, eləcə də onun yaxın dostu Cavadov Azad Həmid oğlu və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşma Azərbaycan Beynəlxalq Bankının talanmasında iştirak edib.
Məhkəmə qərarına əsasən Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə həmin qruplaşmanın üzvləri 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa qədər bankdan 10 ədəd plastik kartlar vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında heç bir zəruri sənəd və girov təqdim etmədən çıxarıblar. C.Hacıyevin arvadı göstərilən müddət ərzində həmin plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan cəmi 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.
Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.
Bu faktlar bir daha göstərir ki, Cahangi Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi pul kassaları kimi baxırmış. Lakin virtualaz.org qeyd edir ki, Zamirə Hacıyevanın bankdan mənimsədiyi pulların cəmi 18 milyon manat təşkil etməsi inandırıcı deyil, bu məbləğ daha yüksəkdir və görünür bankdan bilavasitə onu özü tərəfindən çıxarılan məbləğ 18 milyon manat təşkil edir. Bu, Zamirə Hacıyevanın xırda-para xərcləri, yəni gözəllik salonlarındakı prosedurlar, restoran və istirahət, səyahət xərcləridir.
* * *09:56
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ölkədən qaçıb.
Virtualaz.org xəbər verir ki, bu, Hacıyevanın barəsində həbs qəti-imkan tədbirinin seçilməsindən əvvəl baş verib. Bundan əvvəl saytlar Zamirə Hacıyevanın Beynəlxalq Bankın işi ilə bağlı saxlanıldığı haqda xəbərlər yaymışdı. Lakin Baş prokurorluq açıqlma ilə çıxış edərək məlumatı təkzib edib. Bununla belə məlum olub ki, Zamirə Hacıyeva həbs olunmasa da onun Beynəlxalq Bankın işi çərçivəsində istintaqa cəlb olunması doğrudur.
Müsavat partiyasına yaxın bastainfo.az saytının əldə etdiyi məlumata görə Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs qətimkan tədbirini Bakının Nərimanov rayon məhkəməsi Baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı ilə çıxarıb. Zamirə Hacıyevə mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində 18 milyon manatlıq mənimsəmədə ittiham olunur.
Lakin Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ldə London istiqamətində Bakını tərk edib və bu günə qədər geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.
R.Usubovun imzaladığı həbs sanksiyasında Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. Ancaq göründüyü kimi Cahangir Hacıyevin həyat yoldaşı hələ Beynəlxalq Bankın işi üzrə həbslərin başlamasından əvvəl ölkəni tərk edib və onun saxlanılması mümkün olmayıb.
İnterpress.az