Argentinada taksi sürücüsü rusiyalı qadının övladını qaçırmağa cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Buenos-Ayres polisi məlumat yayıb.
Argentinanın paytaxtı Buenos-Ayresdə narahatedici hadisə yaşanıb. Rusiyalı qadın alış-veriş mərkəzindən çıxarkən mobil tətbiq vasitəsilə taksi sifariş edib.
Maşın minik zonasından kənarda dayandığı üçün qadın yaxınlaşaraq arxa qapını açıb, uşağı içəri əyləşdirib və uşaq arabasını yığmağa başlayıb.
Bu zaman sürücü qapı açıq olduğu halda və içəridə tək olan uşaqla maşını hərəkətə gətirib. Öncə yavaş başlayan, sonra isə sürətlənən avtomobilin arxasınca qaçan ana qışqıraraq maşını dayandırmağa çalışıb.
Nəticədə o, uşağını xilas edə bilib. Köməyə gələn yoldan keçən qadın onları təhlükəsiz yerə aparıb.
Sürücü sonradan geri qayıtsa da, dil baryeri səbəbindən onun nə dediyini başa düşmək mümkün olmayıb.
Şirkətin dəstək xidmətinə müraciət isə texniki səhvə görə alınmayıb, lakin sonradan şikayət rəsmiləşdirilib.
Polis isə uşağın “aparılmadığını” əsas gətirərək cinayət tərkibi görməyib.
Qeyd edək ki, sürücünün həmin şirkətdə cəmi 2 həftədir işlədiyi məlum olub.
Xuraman Etibarlı
İnterpress.az






