Moskvada məktəbli qız dərsə getməmək üçün 1,5 il boyu ölümcül xəstə olduğunu simulyasiya edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın paytaxtı Moskvada 14 yaşlı məktəbli qızın dərsə getməmək üçün qurduğu ağlasığmaz plan valideynlərini və həkimləri şoka salıb.
Qız 1,5 il ərzində özünü ölümcül xəstə kimi göstərərək valideynlərini və onlarla həkimi aldadıb.
Məlumata görə, anası qızının burnundan, gözlərindən, qulaqlarından və hətta qarnından “qanaxmalar” olduğunu müşahidə edib.
Qız mütəmadi olaraq təcili yardımla xəstəxanaya çatdırılıb, ona müxtəlif müayinələr – endoskopiya, kolonoskopiya, onkoloji yoxlamalar edilib, lakin o, tamamilə sağlam çıxıb.
Maraqlısı odur ki, “xəstəlik” yalnız tədris ili ərzində baş verib, yay tətillərində isə qızın səhhəti tamamilə yaxşı olub.
Valideynlər nəhayət, problemin məktəblə bağlı olduğunu anlayıblar. Məlum olub ki, qız dərslərdən qaçmaq üçün özünə xəsarətlər yetirib və qan izləri ilə “tamaşa” qurub.
Valideynlər hələ də övladlarının simulyasiya etdiyinə inanmaq istəmir və onu həkimlərə aparmaqda davam edirlər.
Həkimlər isə yeniyetmədə “Münxhauzen sindromu”ndan şübhələnirlər – bu sindrom zamanı insan diqqət və qayğı görmək üçün özündə bilərəkdən xəstəlik simptomları yaradır.
Məktəbli hələlik təhsil aldığı məktəbdən xaric edilməyib, ailə və psixoloqlar arasında iş aparılır.
Xuraman Etibarlı
İnterpress.az






