Almaniyanın ən qədim pivə zavodlarından biri olan “Hofbrauhaus Wolters” müflis olub.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Almaniyanın ən qədim və köklü pivə istehsalçılarından biri olan “Hofbrauhaus Wolters GmbH” şirkəti rəsmən müflis olduğunu elan edib.
Müflisləşmənin əsas səbəbləri kimi ölkədə pivə məhsullarına tələbatın kəskin şəkildə azalması, həmçinin elektrik enerjisinin bahalaşması fonunda istehsalat xərclərinin kəskin şəkildə artması göstərilir.
Rəsmi statistikalara görə, 2025-ci ildə Almaniyada ümumi pivə istehlakı 5,8 faiz azalıb, satışlar isə rekord həddə – 6 faiz aşağı düşərək təxminən 7,8 milyard litr təşkil edib.
Mütəxəssislər qeyd edirlər ki, qlobal iqtisadi gərginliklər və enerji böhranı Almaniyanın ənənəvi pivə sənayesinə olduqca ağır zərbə vurub.
Ölkədə bir çox tarixi pivə zavodları oxşar maliyyə çətinlikləri ilə üzləşiblər və fəaliyyətlərini tamamilə dayandırmaq təhlükəsi yaşayırlar.
1627-ci ildən bəri fəaliyyət göstərən və zəngin tarixə malik “Hofbrauhaus Wolters” şirkətinin müflis olması alman istehlakçıları və sənaye təmsilçiləri arasında böyük üzüntü doğurub.
Hazırda müəssisənin aktivlərinin idarə edilməsi və gələcək taleyinin müəyyənləşdirilməsi üçün qəyyum təyin edilib.
Xuraman Etibarlı
İnterpress.az






