Litva ölkəyə daxil olan rusiyalılardan Ukrayna müharibəsini pisləyən sənəd imzalamağı tələb edəcək.
İnterpress.аz xəbər verir ki, bu barədə Litva KİV məlumat yayıb.
Litva hökuməti ölkəyə daxil olmaq istəyən Rusiya vətəndaşları üçün yeni və sərt tələb tətbiq etmək qərarına gəlib.
Litva Xarici İşlər Nazirliyinin (XİN) yaydığı rəsmi məlumata əsasən, təhsil, mədəniyyət və idman sahələrində ictimai çıxışlar etmək məqsədilə ölkəyə gələn rusiyalılar xüsusi bir sənəd imzalamalıdırlar.
Həmin sənəddə Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinin rəsmi şəkildə pislənilməsi bəndi yer alıb.
Qeyd olunan bəyanat tipli sənədi imzalamaqdan imtina edən Rusiya vətəndaşlarının Baltikyanı respublikaya girişinə qəti şəkildə icazə verilməyəcək.
Bu addım Litvanın milli təhlükəsizlik və ideoloji tədbirləri çərçivəsində atılıb. Məqsəd ölkədə fəaliyyət göstərəcək xarici ictimai-siyasi xadimlərin, eləcə də idmançı və mədəniyyət işçilərinin mövqeyini rəsmi şəkildə yoxlamaqdır.
Xuraman Etibarlı
İnterpress.аz






