Böyük Britaniyada “Dekster” serialının təsiri ilə qatillik edən tək ata ömürlük həbs olunub
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Böyük Britaniyada məşhur “Dekster” (Dexter) serialına baxdıqdan sonra manyaka çevrilən 40 yaşlı tək ata Ceyms Desboro barəsində rəsmi məhkəmə hökmü oxunub.
O, evsiz insanları qəddarlıqla qətlə yetirməkdə və daha sonra müvəqqəti saxlama təcridxanasında kamera yoldaşını boğmaqda təqsirli bilinib.
İstintaqın məlumatına görə, Desboro 2025-ci ildə dost adlandırdığı iki evsiz şəxsi qətlə yetirərək cəsədlərini hissələrə ayırıb və Kornuollda gizlədib.
Prokuror onun bu insanları “lazımsız və həyat tərzlərinə görə ölümə layiq” hesab etdiyini iddia edib.
Məhkumun evində aparılan axtarış zamanı “Mən qatil olduğumu bilirəm və hər hansı yırtıcını edam etməyə hazıram” yazılmış qeydlər aşkarlanıb.
Məhkəmə-tibbi ekspertlərindən birinə “Dekster” serialındakı cəsəd doğrama səhnələrindən xüsusi zövq aldığını etiraf edən Desboro həbs olunmamışdan əvvəl ölkədən qaçmağı və xarici görünüşünü tamamilə dəyişməyi planlaşdırıbmış.
Həbs edildikdən sonra isə o, məhkəmə qərarını gözləyərkən kamera yoldaşını da boğaraq öldürüb.
Qatil ömrünün qalan hissəsini həbsxanada keçirəcək.
Xuraman Etibarlı
İnterpress.аz






