İran Flydubai təyyarəsindəki insidentə görə İsrailə qarşı ittiham irəli sürüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.
İran xüsusi xidmət orqanları Flydubai təyyarəsində baş verən insidentin İsrailin Mossad kəşfiyyat xidmətinin hazırladığı “saxta bayraq” əməliyyatı ilə əlaqəli ola biləcəyini iddia edib.
İran tərəfi belə bir əməliyyatla Yaxın Şərqdə təyyarələrə və ya hava limanlarına qarşı mümkün terror aktlarının məsuliyyətinin İranın üzərinə atılmasının planlaşdırıldığını bildirib.
İran mediası Dubaydan Təl-Əvivə uçan Flydubai reysində baş verən hadisəni bu kontekstdə “şübhəli” adlandırıb və insidentin İrana qarşı yeni müharibəyə zəmin yaratmaq məqsədi daşıyan təxribat ola biləcəyini iddia edib.
İran təhlükəsizlik strukturlarının belə bir ssenarinin qarşısını almaq üçün tədbirlər gördüyü bildirilib.
Bu arada, pilotlardan birinin Rusiya, digərinin isə Ukrayna vətəndaşı olması barədə əvvəlki məlumatlar təkzib edilib.
Son məlumatlara görə, pilotlardan birinin Oman, digərinin isə BƏƏ vətəndaşı olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






