Suriyada İsrailə hücum hazırlığında olduğu bildirilən Hizbullah üzvləri saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Suriyanın Daxili Təhlükəsizlik Qüvvələri və Baş Kəşfiyyat İdarəsi Dəraa vilayətinin Yərmuk hövzəsində Hizbullahla əlaqəli olduğu bildirilən 3 nəfəri saxlayıb.
Suriya hakimiyyətinin məlumatına görə, qrup raket buraxılış qurğuları hazırlayaraq hücum təşkil etməyə çalışıb.
Əməliyyat İsrailin nəzarətində olan Colan təpələri yaxınlığında, Suriya və İsrail qüvvələri arasındakı təmas xəttinə yaxın ərazidə keçirilib.
Raket qurğularının tamamilə söküldüyü, saxlanılan şəxslərlə bağlı istintaqın davam etdiyi bildirilib.
Suriya tərəfi hücumların konkret hədəfini açıqlamayıb. Saxlanılanların işinin araşdırmadan sonra məhkəmə orqanlarına göndəriləcəyi qeyd edilib.
Xuraman Etibarlı
İnterpress.az






