“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib. Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb. Ekspert Rəşad Əliyev Modern.az saytına açıqlamasında yeni qanunu şərh edib.
O, kredit faizləri ilə bağlı deyib ki, ipoteka kreditləri üzrə maksimal məbləğlər İpoteka Fondunun Müşahidə Şurası tərəfindən ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında müəyyən ediləcək:
“Bir sözlə desək, Fond dövrü olaraq iqtisadi şəraitdən asılı olaraq bu göstəriciləri yeniləyəcək. Eyni zamanda Şura kredit üzrə faizləri müəyyənləşdirəcək.
Kreditlərin maksimal müddəti saxlanılıb və müvafiq olaraq adi kreditlər üzrə 25 il, güzəştli kreditlər üzrə 30 il müəyyənləşdirilib. Kredit üzrə minimal müddət 3 il müəyyənləşdirilib.
Yeni qaydalarda narahatlıq doğuran məqam yaş həddinin göstərilməsidir. Qaydalara əsaslansaq, 39-40 yaşlı ailə başçısı 25 illik kredit ala bilməyəcək. Onun yalnız 20 illik kredit götürmək şansı var. Çünki, kreditin son ödəmə tarixi pensiya yaşına düşməməlidir. İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır”.
Güzəştli ipotekadan kimlər yararlana biləcək?
R.Əliyev Qanuna əsasən qeyd edib ki, adi ipoteka kreditləri üzrə kredit məbləği mənzilin dəyərinin 75-85%-ni təşkil etməlidir. Aşağıda qeyd olunan şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs”.
“Güzəştli kredit dövlət hesabına veriləcək”
Onun sözlərinə görə, ilkin ödəniş 15%-dən 25%-dək olmalıdır. Alıcının müraciəti əsasında ilkin ödəniş daha da artırıla bilər. Güzəştli ipoteka kreditləri üzrə isə ilkin ödəniş 15% təşkil edəcək.
R.Əliyev bildirib ki, güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitlər hesabına veriləcək:
“Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi sözsüz ki, güzəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiq edilməsinə şərait yaradacaq. Burdan belə başa düşmək olar ki, adi ipoteka kreditləri üçün vəsaiti fond özü kommersiya əsasları (istiqrazların buraxılması və s.) ilə cəlb edəcək. Hesab edirəm ki, bu istiqamətdə Fond çətinliklərlə üzləşəcək. Çünki bazarda mövcud olan maliyyə alətləri üzrə faizlər yüksəkdir və onların cəlb edilərək kreditə verilməsi baha başa gələcək. İstisna deyil ki, ucuz maliyyə vəsaitlərinin cəlb edilməsi üçün Mərkəzi Bankın yardımından istifadə edilsin”.
Evsizlərin evi olacaqmı?
Ekspert deyib ki, bu məsələdə zamana ehtiyac var:
“Fikir vermisinizsə, əvvəllər evsizlərin problemlərinin həll edilməsində dövlət ipoteka proqramının imkanlarından istifadə edirdilər. Ancaq bu ildən bu prosesə dəstək kimi paralel olaraq digər proqram “Sosial evlər” institutu işə salındı. Yəni artıq 2 alətdən istifadə edilir. “Sosial evlər” daha aztəminatlı ailələrə veriləcək, ipoteka kreditini isə ödəmə qabiliyyəti olan vətəndaşlara. Sosial evlər institutunun yaradılması güzəştli ipotekadan yararlanmaq istəyənlərin bir hissəsinin problemini artıq həll etməyə imkan verəcək.
Ümumilikdə isə ipoteka kreditləşməsinin problemlərin hansı səviyyədə həll etməsini biz sonra biləcəyik. Çünki kreditlərin həcmi haqda konkret məlumatlar yoxdur. Eyni zamanda kreditlər üzrə faizlər də müəyyənləşdirilməyib. Yəni, bilinmir ki, ipoteka kreditləşməsinin imkanlarından nə qədər insan istifadə edəcək.
“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarında göstərilir ki, kredit üzrə faizlər Müşahidə Şurası tərəfindən müəyyən edilir. Ancaq burda məhdudiyyət var. Belə ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 8 %dən, güzəştli ipoteka krediti üzrə isə 4 %-dən çox olmamalıdır”. (modern)
İnterpress.az