ŞABAK-ın keçmiş rəhbəri Netanyahunu böhtana görə məhkəməyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin 14-cü telekanalı məlumat yayıb.
İsrailin Daxili Təhlükəsizlik Xidmətinin (ŞABAK) keçmiş rəhbəri Ronen Bar baş nazir Benyamin Netanyahunu böhtanda ittiham edərək məhkəməyə müraciət edib. O, 3 milyon şekel (təxminən 1 milyon dollar) məbləğində təzminat tələb edir.
Məhkəmə iddiası Netanyahunun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan əvvəl baş verən hadisələrlə bağlı Barın ünvanına səsləndirdiyi ittihamlarla əlaqədardır.
Baş nazir keçmiş təhlükəsizlik xidmətinin rəhbərini ona lazımi məlumatları verməməkdə, təhlükəsizlik qüvvələrini xəbərdar etməməkdə və “Nova” musiqi festivalının iştirakçılarının təxliyəsi üçün tədbir görməməkdə günahlandırıb.
Bar iddia ərizəsində Netanyahunun 7 oktyabr hadisələrinə görə məsuliyyəti öz üzərindən götürərək onun üzərinə qoymağa çalışdığını bildirib.
Keçmiş ŞABAK rəhbəri qurumun HƏMAS-ın hücumu barədə xəbərdarlıq edə bilməməsini ciddi uğursuzluq kimi qəbul etdiyini və xidmətin səhvlərinə görə şəxsi məsuliyyət daşıdığını vurğulayıb.
Bununla belə, o, bu faktın Netanyahunun irəli sürdüyü şəxsi ittihamları əsaslandırmadığını qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






