İndoneziyada meşə yanğınlarının tüstüsündən əziyyət çəkənlər üçün “oksigenli avtobuslar” istifadəyə verilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İndoneziyanın Borneo adasındakı Palankaraya şəhərində meşə yanğınlarının yaratdığı güclü tüstüdən nəfəs almaqda çətinlik çəkən sakinlər üçün pulsuz “oksigenli avtobuslar” fəaliyyətə başlayıb.
Avtobuslarda oksigen balonları quraşdırılıb və tibb işçiləri xidmət göstərir. Sakinlər oksigen borusuna qoşularaq 5–10 dəqiqə ərzində yardım ala bilirlər.
Mərkəzi Kalimantan əyalətində sakinlər və yanğınsöndürənlər üçün “oksigen evi” də açılıb. İndiyədək azı 127 nəfər pulsuz tibbi yardım alıb.
Məlumata görə, bu il İndoneziyada meşə yanğınları mövsümü son 11 ilə yaxın dövrün ən şiddətlilərindən biri olub.
Borneo və Sumatra adalarının bəzi ərazilərində havanın çirklənmə səviyyəsi təhlükəli həddi dörd dəfədən çox üstələyib.
Tüstü səbəbindən tənəffüs yolları xəstəliklərinin sayı da kəskin artıb. Avqust ayından bəri təxminən 350 min belə hal qeydə alınıb.
Vəziyyət İndoneziya ilə Sinqapur arasında da gərginliyə səbəb olub. Sinqapur yanğınlarda iştirak etməkdə ittiham olunan yeddi İndoneziya şirkətinə hüquqi bildirişlər göndərib.
Xuraman Etibarlı
İnterpress.az






