İsrail ordusu İordan çayının qərb sahilində 8 kənddə əməliyyat keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Ordusunun (ÇAXAL) və Sərhəd Polisinin qüvvələri son 72 saat ərzində İordan çayının qərb sahilində səkkiz kənddə və Nablus şəhərində terror fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat keçirib.
Əməliyyat zamanı Beyta kəndində 2024 və 2025-ci illərdə üç terror aktı törətməkdə ittiham olunan Zakariya Məhəmməd Abd Davud və İbrahim Abd əl-Kərim Abd Davudun yaşadığı iki ev dağıdılıb.
Həmin hücumlardan ikisində təhlükəsizlik qüvvələrinin əməkdaşlarının xəsarət aldığı bildirilir.
Yasid kəndində isə İsrail qüvvələri partlayıcı qurğular və silah alverində, eləcə də terrorçu qruplaşmaya silah ötürməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
Onlardan birinin partlayıcı qurğular və silah hazırladığı, silah ticarəti ilə məşğul olduğu və terror aktının planlaşdırılmasında iştirak etdiyi iddia edilir.
Əməliyyat çərçivəsində terror aktları ilə əlaqələndirilən və İsrail tərəfinin fikrincə, terrora təhrik vasitəsi kimi istifadə olunan 12 abidə sökülüb.
Bundan başqa, təhlükəsizlik qüvvələri təxminən 300 obyektdə yoxlama aparıb, axtarışda olan səkkiz nəfəri saxlayıb.
Ov tüfəngi, tapança və döyüş sursatları da daxil olmaqla, silah-sursat müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az






