ChatGPT fotoları canlandırmağı öyrənib, artıq GIF animasiyaları yaratmaq mümkündür.
İnterpress.az xəbər verir ki, bu barədə OpenAI şirkətinin rəsmi açıqlamasında bildirilib.
OpenAI ChatGPT-də şəkil yaratmaq və redaktə etmək imkanlarını genişləndirən Images 2.6 modelini təqdim edib.
Yenilik sayəsində istifadəçilər foto və ya rəsmlərini qısa, hərəkətli GIF animasiyalarına çevirə biləcəklər. Bunun üçün şəkli sistemə yükləmək və istənilən hərəkəti təsvir etmək kifayətdir.
Məsələn, fotodakı itin pəncəsini yelləməsini və ya pişiyin rəqs etməsini istəmək olar. Hazır animasiyanı saxlamaq və paylaşmaq mümkündür.
Şirkətin məlumatına görə, yeni model şəkilləri əvvəlki versiya ilə müqayisədə 50 faiz daha sürətli yaradır. Redaktə zamanı personajların xarici görünüşünü, geyimini və digər detalları qorumaq imkanları da təkmilləşdirilib.
Bundan başqa, istifadəçilər istinad şəkillərini yadda saxlayaraq sonrakı söhbətlərdə yenidən istifadə edə biləcəklər.
Images 2.6 ChatGPT-də bütün abunə planları üzrə, kompüter və mobil cihazlarda istifadəyə verilir. Lakin GIF yaratmaq funksiyası mərhələli şəkildə aktivləşdirildiyindən, hələlik bütün istifadəçilərdə görünməyə bilər.
Xuraman Etibarlı
İnterpress.az






