Bu barədə Rusiyanın “Kommersant” nəşrinin Sergey Lavrovun Bakı səfəri ilə bağlı reportajında deyilir.
Nəşrin müxbiri Qalina Dudina qeyd edir ki, Lavrov beş dəqiqə əvvəl gəlməsinə baxmayaraq, diplomatlar ləngimədi: “Sergey Lavrov “Xəzər beşliyi” ölkələrinin nazirlərinin toplantısına çatmaq üçün Astanaya uçmağa tələsirdi. Yekun konfransda Məmmədyarov azərbaycanlı jurnalistlərdən üzr istəyərək, rus dilində danışdı.
Vaxta qənaət etmək üçün tərcümədən imtina olunmuşdu. Nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivlərinin müzakirə edildiyini, onun qonağı isə İrəvana bu yaxınlarda etdiyi səfər haqda danışdı. “Sergey Viktoroviçin bizə verdiyi informasiyaya görə, pozitiv ahəng yaranıb”.
Lakin nazirlər təfərrüatları açmadılar. Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və Sankt-Peterburqda görüşünü xatırladaraq izah etdi ki, məlum səbəblərə görə, danışıqların detallarını açıqlamırlar. “Üç prezident ümidin cücərtilərinə ehtiyatla yanaşmaq haqda razılaşdılar. Lakin bizdə güman etməyə əsas var ki, bu dəfə daha çox uğura yaxınıq”, – deyə diplomat jurnalistləri təmtəraqla arxayın etdi”.
Jurnalist qeyd edir ki, danışıqların kuluarlarında təmkinliliyi belə izah edirlər: “Ermənistan və Azərbaycan tərəfi nizama salınmanın prinsipial məsələlərində razılığa nail olmağı bacarıblar. Lakin hələlik bəzi məsələləri də razılaşdırmaq lazımdır”.
“Kommersant”a danışan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib ki, hazırda status-kvonun dəyişilməsi haqda söhbət gedir: “Aprel hadisələri göstərdi ki, mövcud status-kvo vəziyyətin gərginləşməsinə səbəb ola və regional təhlükəsizlik üçün ciddi problemlər yarada bilər. Ona görə də indi status-kvonun dəyişilməsindən söhbət gedir”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yeni görüşün imkanları müzakirə edilir: “Həmçinin, növbəti görüşün Parisdə keçirilməsi ideyası var. Prinsip etibarilə Azərbaycan həmişə belə görüşlərə açıqdır və yer bizim üçün xüsusi əhəmiyyət kəsb etmir. Ən vacib olan budur ki, bu, görüş xatirinə görüş olmasın”.
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov nəşrə açıqlamasında bildirib ki, Sergey Lavrovla Prezident İlham Əliyevin görüşündə Dağlıq Qarabağ münaqişəsi əsas məsələ idi. (publika.az )
İnterpress.az