Son günlər iyul ayı üzrə əmək pensiyalarının verilməsində gecikmənin olması, bunun da guya maliyyə təminatında çətinliklər və əlaqədar orqanların işi çevik qura bilməməsindən qaynaqlanması ilə bağlı müxtəlif fikirlər yayılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, pensiya, müavinət, təqaüd və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi ilə əlaqədar cari ildə dövlət büdcəsində nəzərdə tutulan 7 aylıq ayırmalar (transfertlər) tam məbləğdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.
Nazirlik bəyan edib: “Azərbaycan Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin transfertlərin bölgüsünə dair razılaşdırılmış protokoluna əsasən, 7 ay üçün nəzərdə tutulmuş 741,3 milyon manat hər ayın əvvəlində, o cümlədən iyul ayı üçün nəzərdə tutulan 81,1 milyon manat vəsait tam həcmdə Fondun hesabına köçürülüb”.
İyul ayı üzrə pensiya ödənişlərinin gecikməsinə səbəb bayram günləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda aparılan təşkilatı və texniki dəyişikliklər olub.
Bir neçə gün əvvəl redaksiyamıza pensiyaların gecikməsi ilə bağlı şikayətlər daxil olub. Şikayətçilərin sözlərinə görə, onlar bu ay bayramdan əvvəl pensiya alacaqlarını gözləsələr də hələ də pullarını almayıblar.
Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirmişdi ki, yaxın bir-iki günə Bakı üzrə, bir həftəyə isə respublika üzrə bütün pensiyalar veriləcək.
Maliyyə Nazirliyinin binası
Şöbə müdiri bu ay pensiyaların gecikməsi haqda yayılan xəbərlərə aydınlıq gətirərək bildirib ki, pensiyaların verilməsində heç bir gecikmə qeydə alınmayıb.
\”Hər ay olduğu kimi bu ay da pensiyalar Bakı üzrə iyulun 15-də, respublika üzrə 25-də veriləcək. Hər ay çalışırıq ki, pensiyalar ayın axırına kimi qalmasın\”.
Elman Babayev onu da vurğulayıb ki, hər hansı bayramlar ayın sonuna düşəndə, nazirlik çalışır ki, pensiyaları daha tez versin.
\”Lakin Ramazan bayramı bu il ayın əvvəlinə düşüb. Bir çox pensiyaçılar da elə düşünüblər ki, biz bu ay da onların pullarını bayramdan əvvəl verəcəyik. Amma bayramdan əvvəl maliyyələşdirmə mümkün olmayıb\”, – deyə qurum rəsmisi əlavə edib. (ans)
Elman Babayev -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
İnterpress.az