Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçmiş sektor müdiri Elşən Mustafayev məhkəməsində deyib ki, MTN-də onu iki gün ərzində tamamilə qapalı şəraitdə saxlayıb zülm verərək, məcbur etmək istəyiblər ki, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərova və QMİ sədri Hacı Allahşükür Paşazadəyə qarşı ifadə versin…
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə bu qurumun şantaj yolu ilə pulunu aldığı daha bir şəxs Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdir. Belə ki, Kollegiya sədrinin yaxın çevrəsinə daxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-in Anti -Terror Mərkəzinin əməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıblar. Məlumatda o da bildirilir ki, Azər Tağıyev pulun bir hissəsini Kollegiyanın hesabından çıxarıb.
MTN-in şantaj yolu ilə pul aldığı məmurlar siyahısında Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun adının olduğu da xatırladılır.
MTN-in bu cür geniş şaxəli əməliyyat aparmasının səbəbi nə olub? Burada hansı məqsəd güdülüb?
Ekspert Əyyub Kərimov “Azadlıq”a açıqlamasında vurğulayıb ki, bu cür addımlarda, məmurlara, nüfuzlu şəxslərə qarşı ifadə alınmasında məqsəd təsadüfi deyil. Hətta mətbuatda belə bir fikir getdi ki, Çovdarov tez-tez bəyan edirmiş ki, onun naziri baş nazir olacaq: “Belə görünür ki, MTN-in məqsədi təkcə pul yığmaq yox, həm də gələcəkdə hakimiyyəti ələ keçirmək idi. Yığılan şantaj xarakterli materiallar bunu deməyə əsas verir. Rövşən Əkbərov korpus komandiridir. Ona qarşı hansısa məlumatın olması gələcəkdə onun dəstəyini almağa imkan verə bilərdi. Və ya Şeyxə qarşı da məlumatın əldə olunması hakimiyyət dəyişikliyi olacağı təqdirdə onun mövqeyinin necə olacağını müəyyənləşdirməyə hesablanıb. Yəni hissə-hissə Müdafiə Nazirliyindən, dini qurumlardan özlərinə tərəfdar yığmağa çalışırdılar. Sabah tam arxayınçılıqla hakimiyyət çevrilişinə gedə bilərdilər. Eldar Mahmudovun tutduğu postdan azad edilməsiylə bağlı addım atılmasaydı, bir neçə gün, bəlkə də saat ləngimə olsaydı, həmin vaxtda xarici səfərdə olan dövlət başçısının ölkəyə qayıtmağa imkan verməyə bilərdilər”.
Ə.Kərimov onu da vurğulayıb ki, Səhiyyə Nazirliyinin müəyyən qurumu MTN ilə işləyirdi və MTN-in medallarını almışdı. Deməli, səhiyyənin bir hissəsi ələ keçirilmişdi. Bundan başqa, Rabitə və Təhsil Nazirliyi də MTN-in nəzarətində idi. “MTN nazirliklərə qarşı material toplayanda, bu nazirliklər MTN-ə töyci verəndə, sabah Eldar Mahmudov nə deyəcəkdisə, o olacaqdı. Burada dövlət marağı güdülmürdü… Deməli, bu qurum pul yığmaqla yanaşı real dövlət çevrilişinə hazırlaşırdı”, – deyə Ə.Kərimov vurğulayıb. (virtualaz.org)
İnterpress.az