Xocalı soyqırımının bu il Türkiyədə əvvəlki illərdən daha dolğun, daha yüksək səviyyədə anıldığını kimsə inkar edə bilməz. Böyük Millət Məclisindən başlamış universitetlərə, sivil toplum örgütlərinə, mədəniyyət mərkəzlərinə, televiziya proqramlarına qədər… Fevralın sonuncu ongünlüyündə qardaş ölkənin əksər ellərindən bir Xocalı rüzgarı keçdi; yürüşlərin, mitinqlərin, konfransların, simpoziumların, televiziya verilişləri və xəbərlərinin dəqiq sayını kimsə deyə bilməz; bu tədbirlərdə on minlərlə insan iştirak etdi.
Türkiyənin builki “Xocalı həssaslığının”, “Xocalıya ədalət” çağırışına bu qədər ürəklə cavab verməsinin səbəblərindən biri, şübhəsiz, ermənilərin aprel ayında uydurma “erməni soyrıqımı”nın 100 illiyi ilə əlaqədar hazırladıqları şoudur. Türkiyə də bizim kimi, dünyaya demək istəyir ki, 1915-ci ildə türklər heç bir soyqırımı törətməyiblər, əsl soyqırım 23 il öncə, bu gün yaşayan bir çox insanın gözünün önündə, Xocalıda Azərbaycan türklərinə qarşı törədilib. Yüz il Doğu Anadoludan köç etdirilən neçə yüz min erməninin dərdinə yanan dünya nədən 25 il öncə Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulan 1 milyon insanı görməzdən gəlir, bu qaçqınların faciəsini düşünmür.
Xocalı soyqırımının şahidləri hələ yaşayır. Bu faciəni törədən insanlıq qatilləri bu gün cinayətlərinin mükafatı olaraq Ermənistana rəhbərlik edirlər.
Müharibə vaxtı əhalinin bir bölgədən başqa bölgəyə köçürülməsi təcrübəsi yeni deyil. Eyni iş SSRİ-də də görülmüşdü; Stalin rejimi türklərə güvənməzlik bəhanəsiylə Krım, Axıska, Quzey Qafqaz türklərini bir neçə gündə qatarlara doldurub yaşanılmaz, boş çöllərə sürgün etmişdi. On minlərlə insan bu köçün qurbanı olmuşdu, şəhərlər, kəndlər viran qalmışdı, xalqların yüz illər ərzində yaratdıqları bütün maddi-mənəvi dəyərlər əllərindən çıxmışdı.
Gəlin bu iki hadisəni müqayisə edək; ermənilərin Doğu Anadoludan köçürülməsinin əsası vardı. Onlar Osmanlı vətəndaşı ola-ola Osmanlıya qarşı vuruşan çar Rusiyasına yardım göstərir, öz ölkələrinə xəyanət edirdilər. Bəs Axıska, Krım, Quzey Qafqaz türklərinin nə günahı vardı? Nədən bu gün SSRİ-nin varisi olan Rusiya bu ağır köçlərə görə “türklərə soyqırım yapdı!” deyə ittiham edilmir, ancaq Türkiyə haqsız bir ittihamla üz-üzədir.
Nədən bəzi Qərb ölkələrinin əsil soyqırım cinayətləri xatırlanmır, amma Türkiyənin adı hallanır?
Bu suallar keçirilən mitinq və konfranslarda tez-tez səslənirdi.
“Xocalıya ədalət” çağırışının bütün dünyada ildən-ilə daha gur səslənməsinin bir səbəbi də, məncə, Azərbaycan dövlətinin bu işə xüsusi diqqət verməsi, qazanılan təcrübə və bu işin ildən-ilə daha peşəkarlıqla görülməsidir.
Xarici ölkələrədəki diplomatik nümayəndələrimizin, səfirliklərimizin fəaliyyəti bu baxımdan ayrıca qeyd olunmalıdır.
Millət vəkili və Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq mən hər ilin fevral ayının sonlarını xarici ölkələrdə, diaspor təşkilatlarımızla keçirməyi özümə borc sayıram; adım rəsmi siyahılarda oldu-olmadı. “Xocalıya ədalət” tələbini ardıcıl olaraq, Azərbaycanı təmsil etdiyim İslam İş Birliyi Təşkilatı ölkələrinin Parlament İttifaqında, DAK-ın ABŞ, Avropa tədbirlərində və Türkiyədə səsləndirməyə çalışmışam.
Bu il Türkiyədə iştirakçısı olduğum yürüş, mitinq, görüşlər və televiziya verilişləri barədə mətbuatda məlumat verilib. Özüm də vaxt tapanda isti-isti qeydlərimi yazırdım, təkrara ehtiyac duymuram.
Məncə, Türkiyədə Xocalı tədbirlərinin yüksək səviyyədə, peşəkarlıqla keçirilməsinin bir səbəbi də qardaş ölkədəki diplomatik nümayəndəliyimizdir.
Mən və həyat yoldaşım Tənzilə xanım həmin günlərdə yaşadığımız ailə faciəsinin ağrılarını içimizdə boğaraq, bəzən bir yerdə, bəzən ayrı-ayrılıqda İstanbulda, Sakaryada, Muğlada, Yalovada, İnəgöldə, Amasyada, Samsunda – universitetlərin və çeşidli qurumların təşkil etdiyi çoxlu gur məclislərdə, yürüş və mitinqlərdə millətimizin böyük faciəsindən danışdıq.
Bunların hazırlanması tanıdığımız və il boyu əlaqə saxladığımız sivil toplum örgütləri ilə yanaşı, daha çox Azərbaycanın İstanbul Baş Konsulluğunun və xüsusən baş konsul, hörmətli Həsən Zeynalovun zəhmətinin nəticəsidir.
Mən yalnız bizim iştirak etdiyimiz tədbirlərin yığcam coğrafiyasını cızdım, əslində isə konsulluğun həmin günlərdə təşkil etdiyi görüşlərin əhatə dairəsi daha geniş idi. İstanbula Bakıdan bu məqsədlə başqa millət vəkilləri – Fəzail İbrahimli, Aqil Abbas, Azay Quliyev də gəlmişdilər və onların da öz iş proqramları var idi. Bütün bu proqramların əlaqələndiricisi İstanbul konsulluğmuz idi.
Dünyanın müxtəlif ölkələrini gəzməyim və diplomatik nümayəndəliklərimizin işini müşahidə etməyim mənə müqayisə aparmaq imkanı verir və İstanbul baş konsulluğumuzun fəaliyyəti haqqında müsbət rəyim də iştirakçısı olduğum tədbirlərin nəticəsində formalaşıb.
Mən bu yazının verdiyi imkandan istifadə edərək İstanbulda ölkəmizi ləyaqətlə təmsil edən, Qarabağ faciəsinə, Azərbaycan həqiqətlərinə həsr edilən tədbirlərin peşəkarlıqla hazırlanmasına, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə saxlanılması yolundakı xidmətlərinə görə Azərbaycanın İstanbul baş konsulu, köhnə həmkarımız Həsən Zeynalova təşəkkürümü bildirmək istəyirəm.
Həsən Zeynalovu çoxdan tanıyıram, mövqeyindəki ardıcıllığa, ən əsası vətənini sevən bir insan olduğuna görə ona hörmətim var. Onun Naxçıvanın ağır günlərindəki fəaliyyəti barədə də çox danışmaq, yazmaq olar. İstanbul baş konsulu olduğu illər isə, məncə, onun həm siyasətçi, həm diplomat, həm ziyalı, həm Azərbaycanın mənafeyini qoruyan bir vətəndaş kimi yeni keyfiyyətlərini üzə çıxartdı.
Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, orda, burda yaşayan millət birdi, dövlətlərimizin rəsmi əlaqələri yüksək səviyyədədir, lakin bütün bunlar əlimizi-qolumuzu sallayıb oturmağımıza haq vermir; bu münasibətləri pozmağa çalışan ciddi qüvvələr orda da, burda da fəaliyyətlərini davam etdirirlər, bəzi xarici ölkələrin fitvası və maliyyə dəstəyi ilə işləyən qurumlar hər xırda imkandan istifadə edib arada soyuqluq, inamsızlıq, münaqişə yaratmağa çalışırlar. Türk, azəri soyadı daşısalar da əslində türk düşməni olan etnik separatçılar yatmırlar.
İstanbul Asiya ilə Avropanın qovşağında və ya ayrıcında yerləşməklə bərabər, həm də dünyanın bir çox ideoloji, dini, ictimai, siyasi fikir cərəyanların kəsişmə, toqquşma nöqtəsidir. Boğazdan təkcə çeşidli ölkələrin bayraqları altında, çeşidli yüklər daşıyan gəmilər keçmir, həm də bu şəhərə heyrətlə, nifrətlə, paxıllıq və iştahla baxan onlarla dövlətin insanları, o insanların dolaşıq fikirləri keçir. İstanbul yüz illər boyu dünyaya hökm etmiş, Avropanın yuxusunu qaçırmış və bu gün də onun qisasçılıq niyyəti ilə üz-üzə olan, hər cür siyasət rüzgarlarının dolaşdığı şəhərdir. Bütün bunları bilmədən və görmədən orda normal diplomatik fəaliyyət göstərmək olmaz.
Bir millət olma, ortaq hədəflərə doğru irəliləmə münasibətlərimizin bütün spektrinə hopub. Bununla belə, hər ölkənin çoxlu özəl sorunları, lokal, məxsusi işləri, vəzifələri var. İstanbul türk dünyasının fəxri olmaqla yanaşı, provoslavlığın da mərkəzi, türk düşmənçiliyinin yuva bağladığı erməni kilsəsinin də baş yönəticiliyinin kök atdığı, onlarla xalqın diaspor təşkilatlarının, onlarla dini cərəyanların sərbəst, yan-yana yaşadığı bir mərkəzdir. Həm də ölkəmizə gəlib-gedən yolların bir çoxu üçün dayanacaqdır, nəfəs dərmə yeridir. Yəni bu şəhərin iqtisadi, mənəvi-mədəni, istimai-siyasi və o cümlədən diplomatik həyatı daim qaynayır. Burda arxayın mürgüləmək imkanı yoxdur.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və baş konsul Həsən Zeynalov da bu rejimə uyğun çalışır.
O, ayıq, dövlətinin mövqeyini təqdim və təbliğ eləməyi, sözünü deməyi, şəhərin gur həyatının nəbzini tutmağı bacaran adamdır. İstanbulda Azərbaycanın bayramlarına və acı günlərinə həsr olunmuş toplantılarda, tematik konfrans və simpoziumlarda, universitetlərdə, mitinq və televiziya proqramlarında bunun dəfələrlə şahidi olmuşam. Azərbaycandan bura “fəaliyyət” adına gəlmiş bəzi missiyalardan fərqli olaraq, o daim dəyişilməz dövlətçilik mövqeyindən çıxış edir və bu məqamda qardaş Türkiyənin bəzi “niyyəti” bəlli olan qəzet və televiziya cızmaqaraçılarına da güzəştə getmir.
Qarsda Ermənistanla sərhədlərin açılması və ya dostluq heykəli ətrafında gedən kampaniyalardan başlayaraq, lap yaxın günlərdə “O səs Türkiyə” mahnı yarışmasının nəticələri barədə mətbuatda könül bulandıranlara qədər, gedən heç bir proses Azərbaycan baş konsulluqlarının diqqətindən kənarda qalmayıb.
Onun fəaliyyəti bu tipli məsələləri çəkinmədən dəyərləndirərək, qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə xidmət baxımıdan önəmliydi.
Ölkəmizə aid olan bütün sahələrdə qüsurlarla yanaşı, yaxşı işləri də görmək və qeyd etməyi özümə borc sayıram.