Bu sözləri APA-ya müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, hələlik namizədliyə namizədlər müəyyənləşdirilir: “Sonda isə namizədlər Müsavat Partiyasının Məclisi tərəfindən müəyyənləşəcək”.
A. Hacılı Qubad İbadoğlunu dəstəkləyənlərin namizədliyinin qeydə alınmasına maneə yaradılacağı barədə iddiaları da cavablandırıb: “Müsavat Məclisi namizədlərin irəli sürülməsi ilə bağlı prosedurları özü müəyyənləşdirəcək. Kimlər Məclis üzvlərinin əksəriyyətinin səsini almağa nail olacaqsa, onlar da Müsavat Partiyasının namizədləri olacaqlar\”.
A. Hacılının sözlərinə görə, Müsavat aprel ayından tez olmayaraq hər hansı siyasi partiya ilə seçki blokunun yaradılması məsələlərini müzakirə etməyəcək: “Real müxalifət partiyalarının seçkilərdə blok şəklində iştirakının tərəfdarıyıq. Seçkilərdə Müsavat Partiyası ilə hədəfləri üst-üstə düşən, bizimlə müttəfiqliyə hazır olan siyasi partiyalarla birgə iştirak imkanlarını araşdırırıq. Əgər bu alınmayacaqsa, seçkilərdə təkbaşına iştirak edəcəyik”.
Müsavat başqanı qeyd edib ki, bugünkü siyasi şəraitdə ciddi seçki blokunun yaradılması ehtimalı yüksək görünmür: “Ancaq seçki kampaniyası dövründə siyasi vəziyyətin dəyişməsi mümkündür”.
A. Hacılı Müsavatda Mitinq Komitəsi yaradıldığını, partiya strukturları ilə məsləhətləşmələrin yekununda yaxınlarda keçirəcəkləri aksiyanın günü və şüarları barədə qərar qəbul edəcəklərini söyləyib: \”Biz müxalifətin kütləvi aksiyaları birlikdə keçirməsinin tərəfdarıyıq. Ancaq Milli Şuranın bu məsələlərdə mövqeyi fərqlidir və onlar təkbaşına kütləvi aksiyalar keçirmək barədə qərar qəbul ediblər. Bu, onların hüququdur. Müsavat Partiyasının nə Milli Şura, nə də AXCP ilə hər hansı rəqabəti yoxdur\”.
Müsavat başqanı Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşəndə partiyasının aksiyaya dəstək verəcəyi barədə təklif irəli sürməsinə də münasibət bildirib: “Mən Cəmil Həsənliyə Müsavat Partiyası adından öz təklifimi verdim, ancaq təklifimə bu günə kimi cavab almamışam”. O deyib ki, buna baxmayaraq, yenidən Cəmil Həsənliyə müraciət etməsi istisna deyil: “Bəzi partiya üzvləri mənim Milli Şura rəhbərliyinə yenidən müraciət etməməyimi istəyirlər. Ancaq biz yenə də müzakirə edəcəyik və əgər cəmiyyətin mənafeləri tələb edərsə, yenidən müraciət etməyimiz istisna deyil”.
Arif Hacılı martın 15-də keçirilən aksiyada iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: “Müsavat Partiyasının üzvlərinə bu aksiyada iştirakla bağlı sərbəstlik verilmişdi. Açıq-aydın görünür ki, AXCP rəhbərliyi bizim bu aksiyalarda iştirakımızı arzulamır və biz onların təşkil etdiyi mitinqə gedərək diqqəti özümüzə cəlb etməyi siyasi etikaya uyğun saymadığımız üçün mitinqə getmədik”.
İnterpress.az