Evi yanan ailə prezidentə müraciət etdibackend

Evi yanan ailə prezidentə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə evi yanan ailə, yaşlı valideynləri və körpələrlə çöldə qalan ailə başçısı və icra başçısının cavabı: “Gedin, kənd camaatı pul yığıb evinizi tikəcək”…

Kürdəmirdə müəllim ailəsinə məxsus 4 otaqlı ev yanaraq kül olub.

AzNews.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində baş verib. Yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Nəticədə Şəhriyar Məhərrəmova məxsus 4 otaqlı ev içindəki bütün əşyalarla – sənədlər, geyim, pul və zinət əşyaları və s. ilə birlikdə yanıb. Məsələ ilə əlaqədar Məhərrəmovlar ailəsi bir neçə aidiyyəti qurumlara müraciət ediblər. Ailə üzvü Ş.Məhərromovun saytımıza verdiyi məlumata görə, hadisədən sonra Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Kürdəmir rayon İH başçısının Yenikənd kəndi üzrə icra nümayəndəliyi və Kürdəmir rayonu Yenikənd kənd bələdiyyəsi yanğın hadisəsini, dəymiş ziyanın mövcudluğu ilə bağlı ailəyə arayış və müvafiq sənədlər verib. Lakin aidiyyəti qurumlar maliyyə yardımı etməkdən boyun qaçırırlar: “Bir neçə dövlət orqanlarına rəsmi şəkildə (ərizə, teleqram, məktub) müraciət etməyimizə baxmayaraq, heç bir müsbət cavab ala bilmirik. Hadisə ilə əlaqədar FHN-nin nümayəndəsi bizə heç bir köməklik göstərə bilməyəcəyini söylədikdən sonra Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərovun qəbulunda olduq. O da bizə heç bir köməklik göstərə bilməyəcəyini dedi və əvəzində kobud şəkildə “Gedin, kənd camaatı pul yığıb evinizi tikəcək” cavabını verdi”.

Məhərrəmovlar ailəsi qurumların soyuqqanlı münasibətindən sonra məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Onlar ölkə başçısının məsələyə müdaxilə etməsini və dəymiş ziyanın qismən qarşılanması üçün aidiyyəti qurumlara göstərişlər verilməsini istəyirlər.

Qeyd edək ki, həmin evdə 30 ildən artıq müəllim işləyən ailə başçısıyla yanaşı onun təqaüdçü həyat yoldaşı, qızı və körpə uşaqları yaşayırmış. İndi bu böyük ailə evsiz-eşiksiz, çıxılmaz vəziyyətdədir.

İnterpress.az