Ağdam klubu sabiq futbolçusu Əfran İsmayılovu geri qaytarıb.
“Qarabağ”ın yetirməsi olan 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. İsmayılov bu gündən etibarən komanda ilə məşqlərə qoşulub.
Sağ cinah yarımmüdafiəçisi “Qarabağ”ın rəsmi saytına açıqlamasında bunları deyib: “Yenidən “Qarabağ”da çıxış etmək xoş hissdi. Bu klubun yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam. “Qarabağ” iddialı, hədəfləri olan komandadı. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdı. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar”.
Qeyd edək ki, “İnter”i “Qarabağ”a dəyişən İsmayılov Ağdam klubunun yay transfer dönəmində 10-cu transferidi.
İnterpress.az