Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb.
Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür.
Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.
Yanğın barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Xızı rayonunun Giləzi kəndində dağlıq ərazidə meşə zolağında tüstülənmə ocaqları müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin helikopteri qeyd edilən tüstülənmə ocaqlarının söndürülməsinə cəlb olunub. Hazırda əməliyyat davam edir.
İnterpress.az