Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Türk Mədəniyyət Mərkəzində bu ölkədə fəaliyyət göstərən Vətən Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 27-cü ildönümünə həsr olunmuş tədbir baş tutub.
İnterPress.az xəbər verir ki, Skandinaviyada fəaliyyət göstərən müxtəlif xalqların diaspor cəmiyyətlərinin üzvlərinin qatıldığı tədbir, Azərbaycan himninin səslənməsi və Xocalı soyqırımında qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
27 il əvvəl dinc Xocalı şəhərinin sakinlərinə qarşı həyata keçirilmiş amansız qətliamnan söz açan Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, bu hadisələrdən əvvəl mövcud vəziyyət və erməni silahlılarının Dağlıq Qarabağda istifadə etdiyi qəddar taktika barəsində ətraflı məlumat verib. Xocalı soyqırımından da əvvəl erməni silahlı qüvvələrinin mülki azərbaycanlılara qarşı görülməmiş qəddarlığı ilə seçilən hərbi əməliyyatlar keçirtdiyini bildirən Vətən Cəmiyyətinin sədri, bu hadisələr nəticəsində insanlıq tarixində misli görülməmiş vəhşiliklərin baş verdiyini bildirib.
S.Sadiqi, Xocalının tarixdə ən amansız cinayətlərdən biri olduğunu qeyd edərək, bir gecə ərzində 613 nəfər sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 487 yaralandığını və 1275 nəfərin əsir, 150 xocalı sakinin isə itkin düşdüyünü bildirərək baş verənlərin insan ağlına sığmayacaq qədər qəddarlıqla müşayiət olduğunu deyib.
Sonra çıxış edən Vətən Cəmiyyətinin idarə heyətinin üzvü Zaur Qubatov, Xocalıdakı hadisələrə dünya ictimaiyyəti tərəfindən göz yumulduğunu təəssüflə qeyd edərək, bu kimi hadisələrin təkrarlanmaması üçün bütün insanlığın birgə çalışmalı olduğunu bildirib.
Sonda, Xocalı soyqırımı haqda məlumat verən sənədli film tədbir iştirakçılarına nümayiş olunub və ehsan süfrəsi açılıb.
İnterPress.az