Bostonda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilibbackend

Bostonda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın ən böyük və tarixi şəhərlərindən biri və ölkənin təhsil mərkəzi kimi tanınan Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ABŞ-ın Nyu-Enqland regionu və Massaçusets ştatında yaşayan Azərbaycan icmasının təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov, Türkiyənin Boston şəhərindəki baş konsulu Ceylan Ərişən və Konsulluğun əməkdaşları, Türkiyə-Amerika İdarəetmə Komitəsinin (Turkish-Amerikan Steering Committee) rəhbəri doktor Halil Mutlu və TASC üzvləri, həmçinin Azərbaycan icmasının fəalları, o cümlədən Bostonda təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə daha sonra Bostonda yaşayan Azərbaycan icmasının aparıcı simalarından olan Mirkamran Abdullayev Xocalı faciəsinin xalqımızın tarixində unudulmaz iz buraxdığını və erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız insanların ruhunun yaddaşlarda əbədi yaşayacağını qeyd etdi.

Sonra Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri O. Zeynalov çıxış edərək, Xocalı soyqırımının xalqımızın qan yaddaşında hər zaman yadda qalacağını, dünya ictimaiyyətinin sözügedən faciəyə düzgün hüquqi və siyasi qiymət verməsinin vacibliyini qeyd etdi. Bu xüsusda ABŞ-da yaşayan Azərbaycan icmasının da Amerika ictimaiyyəti üçün müvafiq maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyəti vurğulanaraq, tədbirin təşkilinə görə Azərbaycan icmasına, həmçinin, tədbirə dəstəyə görə Türkiyə tərəfinə minnətdarlıq edildi.

Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Ceylan Ərişən çıxışında Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərin yaddaşlardan heç zaman silinməyəcəyini, Türkiyə millətinin bu acı gündə həmişə Azərbaycan xalqının yanında olacağını vurğuladı.

Tədbirin davamında ABŞ-da yaşayan tanınmış və istedadlı kinorejissorumuz Şamil Nəcəfzadənin çəkdiyi və Xocalı faciəsinin qurbanları və onların ailə üzvlərinə həsr olunmuş “Müharibə uşaqları” filmi nümayiş etdirilib.(trend)

İnterPress.az