ABŞ administrasiyası ölkədə yarımkeçirici istehsalını artırmaq üçün Intel çip şirkətinə 8,5 milyard dollar qrant verəcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Ticarət Departamenti və Intel, CHIPS və Elm Qanunu çərçivəsində şirkətə 11 milyard dollar kredit, həmçinin 8,5 milyard dollarlıq birbaşa maliyyə təmin etmək üçün ilkin razılığa gəlib.
Açıqlamaya görə, bu maliyyə Arizona, Ohayo, Nyu Meksiko və Oreqonda Intel-in obyektlərinin tikintisinə və genişləndirilməsinə dəstək verəcək və 30 min iş yeri açılacaq.
Açıqlamada ABŞ-da icad edilən yarımkeçiricilərin cib telefonlarından elektrik avtomobillərinə, soyuduculara, peyklərə və müdafiə sistemlərinə qədər bir çox sahədə istifadə olunduğuna diqqət çəkilib: “Ancaq bu gün ABŞ dünyadakı çiplərin yüzdə 10-dan azını istehsal edir və ən qabaqcıl çiplərdən heç birini istehsal etmir”.
Açıqlamada bu vəziyyətin CHIPS və Elm Qanunu sayəsində dəyişdiyi vurğulanaraq, şirkətlərin ABŞ prezidenti Co Baydenin vəzifəyə gəldiyi gündən bəri yarımkeçirici istehsalını ABŞ-a qaytarmaq üçün 240 milyard dollardan çox sərmayə yatırdığını açıqladığı ifadə edildi.