ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb.
İnterpress.az Səfirliyə istinadən xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Ağdamda Minatəmizləyicilərin fəaliyyətə başlamalarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Bu gün mən təlimlərini başa vuraraq peşəkar minatəmizləyici kimi fəaliyyətə başlayacaq bu cəsur azərbaycanlı mütəxəssislərə heyranlığımı və hörmətimi bildirirəm.
Yeni minatəmizləyicilər arasında qadınları görmək məni xüsusilə sevindirir.
Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur.
Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək.
Nəhayət, və ən əsası, sizin işiniz xəsarətlərin qarşısını alacaq və həyatları xilas edəcək”, – diplomat qeyd edib.
Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir: “Biz Azərbaycanın minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyirik və bu məqsədə çatmaqda Azərbaycanın yanındayıq”.