Avropa İttifaqı (Aİ) Komissiyası Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam etməyə qərar verdiyini və gələn həftə 50 milyon avronun Agentliyə köçürüləcəyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Komissiyasından verilən açıqlamada 7 oktyabr 2023-cü ildə HƏMAS hücumunda UNRWA personalının iştirak etdiyinə dair iddiaların ardınca aparılan qiymətləndirmənin sona çatdığı bildirilib.
“BMT-nin atdığı addımlar və Komissiyanın UNRWA-dan tələb etdiyi öhdəliklər nəzərə alınıb”, – məlumatda deyilir.
Nəticədə UNRWA vasitəsilə 2024-cü il üçün nəzərdə tutulan 82 milyon avroluq yardım məbləğinə əlavə edilməsinə qərar verildiyi və ümumi yardım məbləğinin 150 milyon avroya çatacağı bildirilib.
Açıqlamada gələn həftə 50 milyon avronun Agentliyə köçürüləcəyi bildirilib.
Milyonlarla fələstinliyə yardım edən UNRWA İsrailin hədəfindədir
BMT-yə üzv dövlətlərin könüllü töhfələri ilə maliyyələşən UNRWA 1950-ci ildə fəaliyyətə başladığı gündən fələstinli qaçqınlara qida, sağlamlıq, təhsil və sığınacaq kimi humanitar yardımlar göstərən əsas təşkilatdır.
Agentlik 5,9 milyon fələstinli qaçqına dəstək verir.
UNRWA təxminən 74 ildir fələstinlilərin yaralarını sağaltmağa çalışsa da, onun obyektləri İsrail tərəfindən dəfələrlə vurulub və tonlarla ərzaq və dərman məhv edilib.
BMT-nin baş katibi Antonio Quterreş İsrail rəsmilərinin UNRWA əməkdaşlarının oktyabrın 7-də törədilən hücumlarda əli olduğuna dair iddialarının təcili araşdırılmasını tələb etmişdi.
UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Avropa Birliyi, Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya UNRWA-ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırmaq qərarına gəldiklərini açıqlayıblar.
Norveç, Belçika, Lüksemburq, İrlandiya, Braziliya və İspaniya UNRWA-ya dəstəyini davam etdirəcəklərini açıqlayıblar.