Aygül İsayeva: “Müəllimlərə qarşı edilən süni maneələr aradan qaldırılmalıdır”backend

Aygül İsayeva: “Müəllimlərə qarşı edilən süni maneələr aradan qaldırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 aprel tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə müəllimlərin görüşü təşkil edilib.

İnterpress.az xəbər verir ki, görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə yaşanan problemlər, müəllimləri narahat edən məsələlər (ibtidai sinif, təcrübəçi müəllim statusu olan, xüsusi müəllimlər, ana dili və s.) müzakirə edilib və dövlət qurumlarına birgə müraciət ünvanlanıb.

Görüşün təşkilatçısı olan iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva illərdir müəllimlərə qarşı edilən süni maneələrdən, təhsil sahəsində yaşanan problemlərdən danışıb: “Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə kifayət qədər ciddi problemlər mövcuddur. Bu gün təhsil sahəsində yaşanan problemləri müəllimlərlə birlikdə müzakirə edib dövlət orqanlarına birgə müraciət ünvanladıq. Çox məhsuldar bir görüş oldu, müəllimləri narahat edən bir sıra problemlərə toxunduq. Təxminın 10-12 problem, mövzu ətrafında müzakirəmiz oldu. Bildiyiniz kimi, artıq bu ildən “təcrübəçi müəllim” statusu ləğv ediləcək. Təcrübəçi müəllim statusunu daşıyan müəllimlər arasında ixtisas fəndən maksimum, yəni 10 kredit toplayan müəllimlər var ki, onların baş müəllim statusu almaları ilə bağlı illərdir süni maneələr yaradılır. Təsəvvür edin ki, gürcüdilli məktəblərdə təxminən 80 müəllim, “təcrübəçi müəllim” statusu adı altında fəaliyyət göstərir. Azərbaycandilli məktəblərdə isə bu rəqəm 1400-ə yaxındır. Gürcüdilli məktəblərdə fəaliyyət göstərən müəllimlər vaxtilə fənn imtahanından 1 kredit toplayıb “baş müəllim” statusunu əldə ediblər. Ancaq Azərbaycandilli məktəblərdə fəaliyyət göstərən müəllimlər illərdir süni maneələrin qurbanı olublar və olmaqda da davam edirlər. Fənn imtahanından maksimum, 10 kredit toplayan müəllimlər bu il statuslarını, eləcə də iş yerlərini itirmək təhlükəsi ilə üzləşiblər. Əsas tələblərimizdən biri fənn imtahanından yüksək nəticə əldə edən müəllimlərə birbaşa baş müəllim statusunun verilməsidir. Bu günə qədər dövlət qurumlarına ünvanladığımız müraciətlərin müsbət nəticəsi də var. Əsaslandırılmış müraciətilərimiz nəticəsində fənn imtahanından 10 kredit toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinə əlavə şərt olmadan bu il baş müəllim statusu verdilər. Düşünürəm ki, eyni qaydanı digər müəllimlər üçün də tətbiq etmək olar. Baş müəllim statusunun verilməsində əsas prioritet müəllimin fənn üzrə bilik səviyyəsi olmalıdır, əlavə süni maneələr ləğv edilməlidir. Bu gün həmçinin əsas müzakirə edilən mövzulardan biri də ibtidai sinif müəllimləri, xüsusu müəllimlər, inklüziv təhsil, öz fənnini yüksək səviyyədə bilən müəllimlərə güzəştlərin edilməsi, Milli Tədris Planına dəyişiklik edilməsi və ana dili üzrə dərs saatlarının artırılması ilə bağlı oldu», – deyə Aygül İsayeva bildirib.

Görüşün sonunda müraciət oxunaraq yekdilliklə qəbul edilib. Qeyd edək ki, müraciət Gürcüstanın baş nazirinə, təhsil və elm nazirliyinə, Gürcüstan parlamentinə və Xalq Müdafiəçisinə (Ombudsman) ünvanlanıb.