Qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülən Aytac Şahmarovanın məhkəmə prosesində yeni detallar məlum olub.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, qətlə yetirilən Aytacın anası və dayısına qarşı olan şahidlər məhkəmə iclasında ifadələrini dəyişiblər.
Onlar əvvəlcə istintaqa bildirdiklərinin eynisini bu gün hakimə deməyiblər. Odur ki, vəkillər şahidlərin müstəntiqlər tərəfindən ifadə verməyə məcbur edilməsindən və ya özlərinin yazmasından şübhələnirdilər.
Məhkəmədə Aytacın qonşusu ilə yanaşı, qətlə yetirilən qızın sinif yoldaşları da ifadələrini dəyişərək, məhkəmədə Aytacın nişanlı olduğundan xəbərsiz olduqlarını iddia ediblər. Onların bildirdiklərinə görə, Aytac sinif yoldaşlarına nişanlanması və yaxud da zorla ailəsi tərəfindən nişanlandırılması barədə heçvaxt danışmayıb.
Məsələ ilə bağlı vəkil Əli Bədirov açıqlama verib.
Onun sözlərinə görə, Aytacın nişanlanmasını heç kimə deməməsini sinif rəhbəri Mahir İsmayılov da təsdiqləyib. Vəkil qeyd edib ki, bu məsələdə məktəb heyətinin günahsız olduğuna dair heç bir şübhələri yoxdur. Bu məsələdə sinif yoldaşlarının da, məktəbin də məlumatının olmadığı üzə çıxır. Belə olduqda isə, Aytacın anasının günahsız olduğu üzə çıxır və dayısının bəraət qazanması ehtimalı çoxalır.