Azərbaycanda Vençur Kapital Fondu yaradılırbackend

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘’Paşa Holding” Şirkətlər Qrupu innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən birgə Vençur Kapitalı Fondunun yaradılmasını bəyan edib.

Bununla əlaqədar keçirilən tədbirdə yerli Startap İcması, innovasiya ekosisteminin tanınmış üzvləri, ‘’Technovate- Sabah mələk investorlar klubu’’nun təsisçiləri və investorları iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən birgə fondun yaradılması ilə bağlı bildirib: ‘’Bu gün biz “Paşa Holding” Şirkətlər Qrupu ilə birgə ölkəmizin innovasiya ekosisteminin parlaq gələcəyinə hesablanmış birgə Vençur Kapitalı Fondunu təsis etdik. İnanırıq ki, fond innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq’’.

Qeyd edək ki, Vençur Kapitalı Fondunun büdcəsi 11,3 milyon manat təşkil edir. Fondun təsis olunmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “Paşa Holding” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırıb.

Sözügedən fond 7 il ərzində maliyyə texnologiyaları, təhsil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, bulud texnologiyaları, pərakəndə satış, e-ticarət və oyun sənayesi kimi sektorlarda ümumilikdə 150 yerli və regional startaplara investisiya yatırmağı planlaşdırır. İnvestisiya prosesi ölkədə həyata keçirilən inkubasiya və akselerasiya proqramlarının təhlili əsasında icra ediləcək.

Bununla yanaşı, ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə əməkdaşlıq çərçivəsində “şərikli investisiya” (matching investment) modelinə xüsusi önəm veriləcək.

Eyni zamanda, investorların potensialının artırılması üçün ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər, o cümlədən investisiya üzrə təlim proqramlarının təşkili və gələcəkdə investorların Silikon Vadisinə səfəri də nəzərdə tutulur.