“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi – Fotolarbackend

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.

Interpress.az xəbər verir ki, artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edildi. “Aztelekom” ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.

Qurumun adından “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.

Abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində yeni evdə telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirib və yaradılan imkana görə təşəkkür edib.

“Aztelekom” rəsmisi qurumun regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib:  “Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur. Müasir xidmətlərin çeşidini və həcmini artırmaq üçün mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətləri fiber-optik texnologiyalara əsaslanan xidmətlərlə əvəz edilir”.

Əlavə edib ki, eyni zamanda telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.

Onun sözlərinə görə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanmış layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır, növbəti mərhələdə 6 regionda belə işlərin görülməsi planlaşdırılır. Xidməti ərazilərimizdə kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4-cü nəsil simsiz rabitə texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.

Qeyd edək ki, “Aztelekom” MMC koronavirus pandemiyası ilə əlaqədar əhalini fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətləri ilə təmin etmək üçün qabaqlayıcı və məqsədyönlü tədbirlər görür, texniki heyət gücləndirilmiş rejimdə, növbəli iş prinsipi ilə fəaliyyət göstərir.