“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən təşkil olunan “Beynəlxalq Ədalət Məhkəməsi Simulyasiyası”nın 16 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində final mərasimi keçirilib.
İnterpress.az xəbər verir ki, müsabiqə Azərbaycanın Gənclər Fondu, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin (İB) tərəfdaşlığı və BHM hüquq şirkətinin partnyorluğu ilə baş tutub.
Final mərasimində Gənlər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, İB-nin sədri Aynurə Salmanlı, Vəkillər Kollegiyasının, o cümlədən universitetlərin hüquq fakültələrinin nümayəndələri iştirak edib.
Orxan Ərəbov çıxışında simulyasiyanın hüquq tələbələrinin beynəlxalq hüquq istiqamətində inkişafında çox əhəmiyyətli olduğunu vurğulayıb və bu fəaliyyətinə görə ELSA Azərbaycanı təbrik edib.
Qeyd edək ki, “Beynəlxalq Ədalət Məhkəməsi Simulyasiyası”nın əsas məqsədi hüquq tələbələrində beynəlxalq hüquqa maraq oyatmaq və onlara bu sahədə nəzəri və praktiki bacarıqlar qazandırmaqdır.
Finalistlərin çıxışları hakimlər tərəfindən qiymətləndirilib.
Qiymətləndirilmə nəticəsində Bakı Dövlət Universitetinin III kurs tələbələri İlham Həsənov və Tarif Hüseynov qalib gəliblər. Finalçılar pul mükafatı və hüquq şirkətində təcrübə imkanı ilə mükafatlandırılıblar.