Zəlzələyə görə Bakıdakı bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını məktəbdən götürüblər, təhsil isə davam edir.
Bu barədə İnterpress.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub:
“Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb”.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Təkanlar Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km olub.