Cənubi Qafqazdan Balkanlara: “Azərbaycan Şimali Makedoniya üçün cəlbedici ölkədir” – Tənzilə Rüstəmxanlı yazırbackend

Cənubi Qafqazdan Balkanlara: “Azərbaycan Şimali Makedoniya üçün cəlbedici ölkədir” – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir.

Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, eləcə də onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Balkan yarımadası dövlətlərinin Azərbaycanla münasibətlərin genişlənməsinə olan marağı artıb.

Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Bu baxımdan, dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində, xüsusilə Şimali Makedoniya Respublikası Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri kimi diqqət çəkir. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Azərbaycan Balkan yarımadasında yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur.

Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans-Anadolu Qaz kəməri (TANAP), Trans-Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana növbəti səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə yüksəlməsinə xüsusi təsir göstərəcək. Xanım Qordana Silyanovska-Davkova da səfər zamanı onu da qeyd etdi ki, Şimali Makedoniya Azərbaycanla diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləğv edəcək, ölkəmizin mədəniyyətini öyrənməyə, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkdir. İki ölkə arasındakı yaxın dövrün diplomatik təmasları bir daha sübut edir ki, ölkələr arasındakı coğrafi məsafə diplomatik və dostluq münasibətlərinə mane olmur. Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.

Tənzilə Rüstəmxanlı

Milli Məclisin deputatı